Həbs edilən Təranə Səmədova nədə ittiham olunur? - DETALLAR

ÖLKƏ
23:18 / 19.04.2023
1089

Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən prodüser Təranə Səmədova və onun həyat yoldaşı Rasim Həsənovun cinayət işinin bəzi detalları məlum olub.

“Report” xəbər verir ki, istintaq materiallarında qeyd olunub ki, onlar qabaqcadan əlbir olaraq hədə-qorxu gələrək vətəndaşdan pul tələb ediblər.

Aparılan istintaq zamanı müəyyən olunub ki, T.Səmədova qeyri-rəsmi ər-arvad kimi yaşadığı R.Həsənovla birgə Altay Səfirovun (ad, soyadı şərtidir) fotoşəkillərini əldə edib. Daha sonra həmin şəxslər fotoşəkilləri Altayın ailə üzvlərinə göstərməklə, yaşadığı məhəllədə yaymaqla, o cümlədən “Instaqram” və digər sosial şəbəkələrində yerləşdirməklə hədələyib. Bu yolla T.Səmədova və R.Həsənov ondan 3 min manat tələb ediblər.

Beləliklə, ötən ilin noyabrında onlar zərərçəkmiş şəxsdən ümumilikdə 1 100 ABŞ dolları məbləğində pulu hədə-qorxu ilə tələb edərək ələ keçiriblər.
Bundan başqa, T.Səmədova və R.Həsənov təkrarən Altay Səfirovu rüsvayedici fotoşəkillərlə şantaj edərək ondan 1 000 manat pul tələb ediblər. Lakin zərərçəkmiş onlara 130 manat pul verib.

Qeyd edək ki, T.Səmədova və R.Həsənov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılır. 

0