Bakıda diplomatlar şikayət etdi, market müdirinin cinayəti ifşa olundu

ÖLKƏ
19:41 / 02.05.2023
456

Azərbaycanda iri marketlər şəbəkəsinin birində yüksək vəzifədə çalışan şəxs elektron sisteminə daxil olaraq, orada müştərilər tərəfindən alınmış qəbzlərin elektron versiyasının fiskal kodlarından icazəsiz istifadə etməklə ümumilikdə 18799,29 manat dəyərində ƏDV geri alıb.

Qaynarinfo-nun məlumatına görə, 1988-ci ildə Masallı rayonunda doğulmuş Elnur (şərti) 2016-cı ildən 2022-ci ilin sentyabr ayına kimi sözügedən marketlər şəbəkəsində şöbə müdiri, mağaza meniceri vəzifəsində çalışıb. 

Elnur icraçı direktoru olduğu mağazaya məxsus kompüteri yaşadığı Xırdalan şəhərində olan mənzilə aparıb. Kompüter sisteminə daxil olaraq orada işlədiyi mağazadan alış-veriş çeklərinin sistemdə olduğunu görüb və istifadə müddətinə 1-2 gün qalmış, yəni 88 günü tamam olmuş qəbzləri və həmçinin zibillikdən götürdüyü qəbzləri Vergilər Nazirliyinin elektron səhifəsində "ƏDV Gerial" portalında qeydiyyatdan keçirib. 

O, 2020-2021-ci illər ərzində anası, bibisi, nənəsi, qardaşı və həyat yoldaşının adına olan kartlara köçürüməklə, 18799,29 manat dəyərində vəsait əldə edib. 

Cinayətin üstü isə Yaponiya səfirliyinin əməkdaşlarının şikayəti əsasında açılıb. Onlar alış-veriş qəbzindəki məbləği "ƏDV Gerial" portalından geri ala bilməməsi səbəbindən şikayət ediblər. Aparılan araşdırma nəticəsinə diplomatlara məxsus qəbzlərin də Elnur tərəfindən istifadə olunduğu aşkarlanıb.

Məhkəmənin qərarı ilə Elnur Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

0