3 həbsdə yatan şəxs bu dəfə anasının şikayəti ilə saxlanıldı

ÖLKƏ
19:50 / 08.05.2023
475

Bakıda ana evdə mütəmadi olaraq dava salan oğlu barəsində polisə şikayət edib. 

HİT.az-ın məlumatına görə, 1989-cu ildə Qazax rayonu, Köçəsgər kəndində anadan olmuş Elsəvər (şərti) Buzovna qəsəbəsi, Dəmiryol küçəsindəki evdə sərxoş vəziyyətdə səs-küy salaraq, nalayiq ifadələr işlədib və anası ilə dalaşıb. 

Bu hal əvvəllər də bir neçə dəfə təkrar olunduğundan Elnarə (şərti) DİN-nin 102 xidmətinə zəng edərək, oğlunun hərəkətləri barədə məlumat verib. 

Yaşadıqları evə gələn polis əməkdaşları Elsəvəri nizam-intizama dəvət etməyə çalışsalar da, o, öz hərəkətlərini davam etdirib və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb. Elsəvər məcburi şəkildə polis şöbəsinə aparılıb və barəsində protokol tərtib edilərək, məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 20 gün müddətinə inzibati qaydada həbs edilib. 

Qeyd edək ki, Elsəvər 2010-cu ildə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il müddətə, 2014-cü ildə yenidən eyni maddə ilə təqsirli bilinərək 2 il müddətə, 2015-ci ildə CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Aydın

0