Mövlam Şıxəliyevin azadlıq planı - MTN-in keçmiş idarə rəisi əfvə düşmək istəyirmiş

ÖLKƏ
18:40 / 16.05.2023
730

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi, hazırda həbsdə olan Mövlam Şıxəliyev və dəstəsi əfv olunmaq üçün çaba göstərsələr də, məqsədlərinə nail ola bilməyiblər.

HİT.az xəbər verir ki, MTN-çilər hər vəchlə adlarının siyahıya salınmasına çalışıblar. Lakin onlara əfvə düşmələrinin qeyri-mümkün olduğu söylənilib. 

Bildirilib ki, Mövlam Şıxəliyev və onunla birgə mühakimə olunan Sahib Ələkbərov, Yasin Məmmədov və Vüsal Ələkbərov MTN generalı Akif Çovdarov nümunəsindən ruhlanıblar. 

Akif Çovdarov 2015-ci ildə həbs edilib. 12 il azadlıqdan məhurm edilən general 2020-ci ildə əfv edilib. 

Mövlam Şıxəliyev və dəstəsi düşünüb ki, onlar da Akif Çovdarov kimi əvfə düşə bilərlər. Lakin düşündüklərinin əksi baş verib. 

Mövlam Şıxəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbiri seçilib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev 12 il, Yasin Məmmədov 10 il 6 ay, Vüsal Ələkbərov 12 il 6 ay və S.Ələkbərov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Bundan başqa, Mövlam Şıxəliyev və ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlaklar müsadirə olunub. Məhkəmə həmin əmlakların dövlət nəfinə keçirilməsi barədə hökm çıxarıb.

MTN-çilər apellyasiya şikayəti verərək barələrində bəraətverici hökm çıxarılmasını istəsələr də, Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murğuzov birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. 

Anar

1