Azərbaycanda Maarif məktəbinə ilk qəbul imtahanı - FOTOLAR

ÖLKƏ
18:51 / 20.05.2023
521

Bu gün Azərbaycan Beynəlxalq Maarif Məktəbində 4, 5 və altıncı sinif şagirdləri üçün MAGİS imtahanı keçirilib. İmtahandan keçən şagirdlərin təqaüdlə təhsil almaq imkanları yaranacaq.

Türkiyə Maarif Vəqfinin Azərbaycan təmsilçisi və Azərbaycan Beynəlxalq Maarif Məktəbinin müdiri Sərdar Gündoğan Modern.az-a açıqlamasında bildirib ki, bugünkü imtahanda 450 şagird iştirak edib:

“Türkiyə Maarif Vəqfi 2016-cı ildə yaradılıb. Dünyanın 51 ölkəsində 440 təhsil qurumu ilə beynəlxalq təhsil brendinə çevrilib. Vəqfin yaradılma qayəsi beynəlxalq milli və yerli hadisələri izləyən, ətrafda baş verənlərin fərqində olan fərdlər yetiştirməkdir. Xüsusilə texnologiya, süni zəka, sənaye kimi məsələlərdə bilikli olan tələbələr yetişdirmək hədəf götürülüb. Eyni zamanda şagirdlərimizin əxlaqlı, fəzilətli xarakter qazanmasını da  hədəf götürmüşük. Bu məqsədlə “İnternational Maarif Program” deyə beynəlxalq proqram yaratmışıq. Bu proqramla yerli kurikulumu, eyni zamanda, Beynəlxalq Maarif Proqramını özündə ehtiva edən təhsil veririk. Şagirdlərimizin 4-ə yaxın xarici dil öyrənə bildiyi, texnoloji avadanlıqla inkişaf etdirilmiş labarotoriyalarda fəaliyyət göstərə bildikləri, robotik kodlama, kompüter emalatxanalarının olduğu, eyni zamanda estetik yöndən özlərini inkişaf etdirəcəkləri incəsənət emalatxanalarının, idman zallarının və bənzərsiz kampusun olduğu bir məktəbdir.  İlk dəfə Magis imtahanı ilə məktəbə şagird qəbulu həyata keçirəcəyik. 450-yə yaxın şagird Maarif ailəsinə qatılmaq üçün imtahan verib. Onlara uğurlar arzu edirəm. Digər normal şagirdləri də qəbul edirik. Bu təqaüdlü təhsil üçün imtahandır”.

Sərdar Gündoğan Azərbaycanda Maarif məktəblərinin sayının artırılacağını vurğulayıb:

“Bu, Türkiyə Maarif Vəqfinin tək məktəbidir. Yeni aldığımız və 2024-cü tədris ilinə çatdırmağı planlaşdırdığımız ikinci bir məktəbimiz də var. İnşallah, orada şagird qəbul etməyə başlayacağıq. Təbii ki, investisyalarımız bununla məhdudlaşmayacaq. Yaxın vaxtlarda həm Bakıda, həm də Azərbaycanın digər şəhərlərində təhsil investisyalarımız davam edəcək. Təməl niyətimiz məlum olduğu kimi, Türkiyə-Azərbaycan arasındakı əlaqələri, məktəbimizdəki şagirdlər vasitəsilə inkişaf etdirməkdir. Hər sahədə inkişaf edən əlaqələr hər iki ölkənin mənfəətinə olacaq”.

“Bir təhsil qurumunun ən böyük gücü müəllim heyətidir. Xüsusilə də Azərbaycanda öz sahəsində ən yaxşı olan mütəxəssiləri, müəllimləri cəlb edirik. Eyni zamanda bu şəxslərə Beynəlxalq Maarif Proqramının istiqamətlərində təlim keçirilir. Qabiliyyətlərinin daha yüksəldilməsi üçün onlara təhsilartıma təlimlərinin verilməsini icra edirik. Biz təkcə şagirdləri siniflərə doldurub, təhsil vermirik. Sosial, mədəni fəaliyyətlərlə onların sağlam inkişafına yönəlmiş addımlar atırıq”, - Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin sədri deyib.

0