Ordumuzun zirehli tank xidmətinin yaradıcısı Qarabağda döyüşəcək tanklardan danışdı...

ÖLKƏ
10:03 / 27.05.2020
2604

Hit.Az Azərbaycan Ordusunun zirehli tank xidmətinin yaradıcısı, ehtiyatda olan polkovnik Ramiz Məmmədovun “azeridefence”ə müsahibəsini təqdim edir:

- Azərbaycan Ordusu 10-12 il əvvəl silahlanmadan çıxardığı T-55 tanklarının əhəmiyyətli sayını konservasiya etdi. Demək olar ki bu tanklar istifadə olunmur. Lakin son illər Ukraynada, Pakistanda və digər ölkələrdə T-55 tanklarının müasirləşdirilib yenidən xidmətə qəbulunun şahidi oluruq. Bu gün Azərbaycan reallığı şərtlərində T-55-lərin müasirləşdirilməsi imkanlarını necə görürsünüz?

Ehtiyatda olan polkovnik Ramiz Məmmədov

- Azərbaycanda müdafiə tədqiqat mərkəzilərinin iştirakı ilə T-55 tankının yeni milliləşdirmə versiyasının yaradılması, müasir döyüş əməliyyatları taktikalarında yerini müəyyənləşməklə yeni səviyəyə gətirilməsi, hazırlanmış modernləşmə proqramı kontekstində, mərhələlərlə yenilikləri mənimsəyərək daha yüksək texnoloji inkişafların tətbiqi əsasında aparılması mümkündür. Birincisi, T-55 bir tank olaraq hələ də çox ölkənin ordusunda qalır. Tankın 100 mm-lik topu var, atış qabliyyəti yarım əsr əvvəl olduğu kimidir. Qəlpəli fuqas mərmisinin partlayış təsiri güclüdür. Tırtılın sürətlə işlədiyi beş dayaq vərdənəsi və onu çevirmək üçün çox etibarlı bir mühərriki var. Bütün bunlar istismarda sadə və təmir olunandır. Döyüş zamanı, T-55 ilə ümidli olmaq, ümüdsüz olmaqdan daha məqsədə uyğundur.

İkincisi, bu tanklar bir vaxtlar qabaqcıl texnologiyaların və elmi işlərin tətbiqi ilə hazırlanıb və hələ də gündəmdə olan çox inkişaf etmiş modellər idi.

Üçüncüsü, bu T-55 tankı dünyada kütləvi istehsalına görə ilk yerlərdə dayanır və çox sayda dövlətin silahlı qüvvələrinin təminatında olduğundan, onu planetin üçdə bir hissəsində görmək mümkündür. Hətta bizdə anbarda saxlancda konservasiya olub saxlansada, bu o deməkdir ki, bu tankları döyüşdə dəfələrlə görəcək, dəfələrlə şahidi olacağıq. Buna görə də T-55 tankların müasir müharibə şəraitinə uyğunlaşdırılmasını, onların necə modernləşdirildiyini və bunun gələcəyinin olub olmadığını nəzərdən keçirmək maraqlı olardı.

T-55 tanklarının problemi zirehlənməsindədir. Geniş yayılmış hər hansı bir əl qumbarasının hədəfinə gəldikdə deşilmə ilə nəticələnir. Bunu Suriyada, Livanda, Misirdə, Pakistanda, İranda İraqda və digər dövlətlərin ərazilərində gedən silahlı münaqişələrdə müşahidə etmək mümkündür.

Kumulyativ mərmiyə qarşı döşəmə ekranlarının effektivliyi uzun müddətdir müzakirəyə cevirilib. Lakin ABŞ, Rusiya, Almaniya, Çin və bir neçə dövlətin müdafiə sənayəsi komplekslərin elmi tədqiqat və təcrübi nümünəvi işlərinin nəticəsində və tətbiqi ilə bu mübahisəyə son qoyulub.

Azərbaycan Müdafiə Sənayəsi Nazirliyinin Elmi-Tədqiqat İnstitutudunda da döşəmə ekranlarının elmi tədqiqat işinin nəticəsində yüngül və ağır maşınlar ücün bir necə növ təcrübi nümünələri hazırlanıb. Həqiqətən konstruktiv quruluşa uyğun layihələndirilmiş və düzgün quraşdırılan döşəmə ekranları, müşahidə etdiyimiz müasir tanklarda, arxa hissələri, hətta qullənin poqonuna qədər işləkliyi göz önündə fakt olaraq qalır.

Münaqişə gedən dövlətlərdə hesablamaların necə olduğu bilinmir, amma müharibənin gedişatı düzgün qərarları seçərək, çox qeyri-iradi yanaşmaları zamanında ortaya çıxarır. Zirehi qum, və ya hətta torpaq yastıqları ilə, arası doldurulan rezin materiallarından, ağacın gövdəsindən hazırlanan örtüklərlə təmin etmək “libası” qeyri-adi yanaşma olsada, 1945-ci ildə Berlinə hücum zamanı sovet tankları faust mərmilərindən yayına bilmişdilər. Təbii ki, nöqsanlarda mövcud idi. Belə zireh mühafizəsinin praktik sınaqlarına baxmaq maraqlı olardı.

Tankın düşmən qumbaraatanlarından daha yaxşı və etibarlı mühafizəsini piyada qoşunları ilə əlaqəli şəkildə təmin etmək mümkündür. Baxmayaraq ki tank əleyhinə qumbaraatanların (TƏQ) təsir radiusu nadir hallarda 500 metrdən artıq olur.

Başqa bir hal isə tank əleyhinə raket kompleksləridir. Müasir tankların aktiv müdafiəsini və dinamik zirehlərini bir neçə kilometr məsafədən məhv edilməsi imkanları silah istehsalçıları tərəfindən öyrənilir. Rusiyada yaradılmış üçüncü nəsil, “Скворечник” adlanan raketlərə qarşı maneəqoyma sistemin Suriyada tətbiq edilməsinə baxmayaraq, ABŞ-ın BGM-71 TOW və digər TƏİR qurğularının tətbiqi nəticəsində 1000-ə yaxın T-55 tankı və digər daha müasir T-72 tankları məhv edilmişdir.

Yuxarıda sadaladıqlarımın hamısını səhrada olmasada, təmir bazası, təmir zavodu şəraitində tanka tam quraşdırılma imkanı ola bilər, yaxud vaxt məhdudiyəti yöxdursa lazımı vəsaitlə maşınqayırma texnologiyaları olan dövlətlərə müraciət edərək, modernləşmə proqramı əsasında tank parklarının gücləndirilməsinə qismən nail olmaq mümkündür.

Məlumdur ki, yeni nəsil silahlara qarşı T-55 tanklarının və onların modernləşmiş modifikasiyalarının davam gətirməsi mümkünsiz hesab olunur. Bununla yanaşı, ehtiyat hissələri, istismar rahatlığı və əksər hissələrin yüksək etibarlılığına görə münaqişə gedən bəzi dövlətlər, məsələn, Pakistan 4000-ə yaxın Çin ihtesalı olan T-59 tankını təkmilləşdirərək “Al-Zarrar”, Misir 4000-ə yaxın T-54 tankını təkmilləşdirərək “Ramzes-2” (120 mm top NATO standartı), Cənubi Koreya 3000-ə yaxın tanklarını “Sonqun 915” və “Conma 216” adı altında təkmilləşdirmə səviyəsinə müvafiq indeksləşdirib. Suriya münaqişədə tank parkında olan 5000 ədədə yaxın T-54/55/ tanklarından 1000 ədədə yaxın itirməsinə baxmayaraq, qalan tanklarını Rusiya isə iki tərəfli müqavilə əsasında təkmilləşdirməyə qərar verib. Bundan başqa, Pakistan son illərdə Sloveniyadan 300 ədədə yaxın təkmilləşdirilmiş T-55 tankları alıb. Bu yaxınlarda isə Serbiyadan təkmilləşdirilmiş 100 ədəd T-55 tankının alınmasına dair müqavilə bağlayıb.

T-55 tankı 1958-ci ildə silahlanmaya qəbul edilib

Hesab edirəm ki, Azərbaycan müharibə şəraitində olduğundan Silahlı Qüvvələrin tərkibində olan müasir tanklarla yanaşı, saxlanclarda olan T-55 tanklarının təkmilləşdirilməsi zəruridir. Baxmayaraq ki, bu gün silahlı qüvvələrimizin əsas tank parkını müasir T-90S və təkmilləşdirilmiş T-72 “Aslan” indeksli tanklar təşkil edir.

1990-cı illərin əvvəllərində Qarabağda aktiv müharibənin gedişatı ərəfəsində, səriştəsiz şəxslərin təşkilatçılığı nəticəsində Rusiyadan qəbul olunan T-72 tanklarında kifayət qədər nöqsan və çatışmamazlıqlar mövcud idi. Bütün ehtiyat təmir və ləvazımatlar qarət olunmuşdu, təmirə ehtiyacı olan tanklar bərpa imkanlarından mərhum olmuşdular. Bərpa olunmayan itkilərimiz kifayət qədər idi. Rusiya və bütün MDB, Avropa dövlətləri, ABŞ tərəfindən silah-sursat, texniki vasitlərin satışına embarqo qoyulmuşdu. 1993-1994-cü ilin əvvəlinə kimi embarqoya rəğmən iki tərəfli münasibətlər əsasında Ukraynadan təmir komplektləri ilə birlikdə beş tank taborunu təmin edilməsi məqsədi ilə, müharibəni şərəflə keçən, indi saxlancda saxlanan T-55 tipli tanklar alınıb Bakıya gətirilmişdi.

Qeyd edim ki, 1958-1979-cu illərdə T-54 tankının bazası əsasında yaradılan T-55 tankı SSRİ-də 24000 minə qədər istehsal olunaraq Silahli Qüvvələrin təminatına qəbul olunmuşdu. T-55 tankları həmin dövrdə nüvə silahına qarşı avtomatik müdafiə sisteminin, kumulyativ mərmilərə qarşı aktiv mühafizə (QAZ “Drozd”) kompleksinin istifadəsi kontekstində döyüş əməliyyatları aparmağa qadir olan yeni nəsil hərbi texnika sayılırdı. 1960-cı ildən sonrakı dövrlərdə aparılan təkmilləşdirmə işləri ilə yanaşı, mühərrikin gücü 60 at qüvvəsinə qədər, gediş ehtiyyatı, habelə mərminin sayı 34-dən 43-ə qədər artırılmış, tüstü sipərini yaradan termal tüstü cihazı, hava kompressoru, avtomatik yanğınsöndürmə sistemi, hidropnevmatik planetar yan ötürücü qurğusu, sürücü mexanikin görüntü cihazının hidropnevmatik təmizlənmə sistemi, 12.7 mm NSVT tipli pulemyot quraşdırılmışdı.

İsraildə modernizə edildikdən sonra “Enigma” indeksi verilmiş T-55 tankı

1960-cı illərin axırlarında NATO dövlətinin AT-10/12 “Stabber” tipli zirəhdəlmə qabliyyəti 600 mm-ə catan topların və TƏİR qurgularının yaranmasından sonra, T-55 tanklarının qülləsinin 250 mm-lik alın proyeksiyasının və gövdənin zirehinin müqavimətinin 90 dərəcə bucaq altında kumulyativ mərmilərin təsiri ilə deşilmə ehtimalı yüksəlmişdir. 1970-1990 ci illərdə SSRİ-də hazırlamış təkmilləşdirmə konsepsiyasına əsasən, tankların kütləsi 36-37 tondan 40 tona qədər artırılmış, 300-400 mm-lik əlavə zireh lövhələri quraşdırılmışdır.

Ərəb ölkələrindən qənimət olaraq ələ keçirilmiş T-54 və T-55 tanklarının əsasında İsrail hərbi sənayesi tərəfindən hazırlanmış “Axzarit” zirehli transportyoru

Bundan başqa, tanklara rezin metal şarnirləri ilə tırtır lentləri, gücləndirilmiş ötürücü qutu planetar dönmə mexanizmləri, TŞ-2B-32P tipli nişangahlar, naviqasiya qurğusu, QPK-59 tipli giroskop, QD-1 tipli qamma sensoru, 123 tipli radostansiya bəzi maşınlarda buldozer avadanlığı, PT-55 tipli mina təmizləyiciləri quraşdırılmışdır.

Yeni nəsil tank əleyhinə idarə olunan raket komplekslərindən və digər daha güclü silahlara qarşı dayanaqlı olmadıgından, Şərqi Avropa ölkələri – Rumıniya, Sloveniya, Ukrayna, Rusiya, eləcə də Azərbaycan da daxil olmaqla bir çox ölkələr T-55 tanklarının bütün modifikasiyalarını istismardan çıxarıblar.

- Ramiz müəllim, T-55 tanklarının üstünlüklərindən və çatışmazlıqlarından danışdınız. Necə hesab edirsiniz, bu tankların təkmilləşdirilməsi hansı istiqamətlərdə aparıla bilər?

T-55 tankının şassisində hazırlanmış zirehli mühəndis-istehkam maşını

- T-55 tanklarının müasir səviyyədə modernləşdirilməsi üçün gövdəsinin təkmilləşdirilməsi sahəsində güclü at qüvvəli yeni mühərriklərin tətbiqi, hidromexaniki ötürücünün, tank əleyhinə raketlər atmaq imkanına sahib olan tank topunun, yeni növ istilik müşahidə, yönəltmə sistemlərinin, rabitə, naviqasiya, mühafizəsinin gücləndirilməsi üçün aktiv-reaktiv zirehlərin, “Kontakt-5” modernləşdirilmiş dinamik mühafizə sisteminin quraşdırıması; dinamik gedişatın yüksəldilməsi sahəsində müasir maşınlarda tətbiq olunan yenilikləri mənimsəyərək daha yüksək texnoloji inkişafların tətbiqi qismən mümkündür. Onu da deyim ki, faydalı ağır zirehli nəqliyyat vasitələri, atəş gücünə malik olan ağır PDM-lər kimi sərfəli zirehli nəqliyyat vasitəsi hesab olunur.

T-55 tanklarının gövdəsində desantın yerləşdirilməsi üçün arxa çıxış qapısının təmin edilməsi, daxili məkanın genişləndirilməsi, kütləsinin aşağı salınması, bu məqsədlə ilk növbədə qüllənin və ona aid olan sursatların çıxarılması, həcmli motor-transmissiya sistemini kicik həcimli və daha güclu qurgularla əvəz edilməsi mümkündür. Başqa sözlə, ağır tank bazasında yeni piyada döyüş maşını yaradılmış ola bilər.

Serbiyada T-55 şassisində hazırlanmış VİU-55 “Muna” zirehli təmir-təxliyyə maşını

Zirehli nəqliyyat vasitəsinin profili nəzərə çarpacaq dərəcədə olduğundan, desantın giriş-çıxışının təmin edilməsi üçün, iki taylı qatlanan qapıların yaradılması zəruri hesab olunur. Düzdür, desant bölməsi komfort olmasada, hər halda üç nəfər heyətindən əlavə yeddi nəfər yerləşdirmək imkanını yaratmaq mümkündür.

Qüllənin xaric edilməsindən sonra, 36 tonluq T-55-in kütləsi 27 tona qədər azalacaq. Müasir kompozit materiallarlardan istifadə etməklə gövdənin zirehlənməsinə və alt hissəsinin mina təsirinə qarşı gücləndirilməsinə şərait yaranır.

Zirehli nəqliyyat vasitəsi universal 20/23/30 mm topla qoşalaşdırılmış 7.62 mm, 12.7 mm çaplı pulemyot, AQS, TƏİR qurğuları olan döyüş modulu, habelə S-5, S-8 məsafədən idarə olunan yaylım atəş qülləsi silahlandırıla bilər.

Tankın üzərindən cıxan 1500 m yaxın atış məsafəsi olan 100 mm topa sahib, iki müstəvidə çalışan qülləni sərhəd zolağında yaradılan xüsusi istehkam qurğularında müasir istilik müşahidə və digər qurğu və avadanlıqla təchiz etməklə istifadə etmək mümkündür.

Köhnə tanklarımızın istifadə təcrübəsi göstərir ki, onlar boş yerə ehtiyyatda durmayıb. Düzdür, müasir döyüş əməliyyatlarında aktual olmasada, istənilən zaman və ya zərurət yarandıqda, maliyyə imkanına müvafiq təkmilləşdirərək döyüş qabliyyətini yüksəltmək, və ya zirehli bir nəqliyyat vasitəsinə cevirməklə onlardan təyinatı üzrə istifadə mümkündür.

Bu gün Rusiya satış məqsədi ilə öz saxlanc arselanından 6000 ədəd T-55 tanklarını cıxararaq dərinləşdirilmiş təkmilləşdirməyə qərar verib. Ukraina və Sloveniya Pakistanla iki tərəfli müqaviləyə əsasən 300-ə qədər T-55 tanklarını təkmilləşdirməyi planlaşdırır.

Tank parkını modernizə etmək heç də asan iş deyil...

- Ramiz müəllim, Ermənistan silahlanmasındakı T-72B tanklarının B3 səviyyəsinə yüksəldiləcəyini açıqlayıb. Bu tankların mövcud SİM1 “Aslan” modernizasiya variantı ilə müqayisəsinə dair fikirləriniz maraqlı olardı.

- Tankın parametrlərin həddinin genişləndirməsi fikri iki əsas məqama söykənir:

Birincisi, iki növ tankın mövcudluğundan birinin inkişafı zəruridir. Onlardan birincisi əsas döyüş tankı (kütləvi və nisbətən ucuz), ikincisi – maksimum parametrlərə malik tank olmalıdır (kiçik miqyaslı, keyfiyyətcə fərqli səviyyədə döyüş qabiliyyəti olan).

İkincisi, məhdud parametrli tankın platformasında son nailiyyətlərin sınaqlarının aparılması və hərtərəfli qiymətləndirmə keçirildikdən sonra, nailiyyətlərin yeni yaradılmış əsas döyüş tankında tətbiq olunması.

Zirehli texnikaların parametrlərinin məhdud həddinə görə ortaya çıxan termin ağır texnikaların yaradılması zamanı texnoloji layihələndirmə işlərinin yaradılmasından irəli gəlir. Keçmiş SSRİ-nin Müdafiə Konsepsiyasına əsasən Varşava Müqaviləsinə daxil olan ölkələrlə birlikdə, 1973-1990-cı illərdə 30000-ə qədər T-72 tankı istehsal olunub. 1980-ci ildən istehsal və mərhələlərlə təkmilləşdirmə işləri aparılaraq yeni innovatıv qurğu və avadanlıqlar tətbiq edilərək sınaq göstəricilənə müvafiq T-72M, T-72M1, T-72A, T-72B, T-90 modifikasiyasılarına çatdırılıb. SSRİ-nin dağılmasından sonra, Daşkənd müqaviləsinə əsasən 15800 ədəd T-72 tankı və onun modifikasiyaları postsovet dövlətlərinə daxil olan 8 dövət arasında bölünüb. Azərbaycan və Ermənistanın hərəsinin payına 220 ədəd tank düşsədə, Azərbaycan bu payla razılaşmayaraq, siyası qərar qəbul etməklə respublika ərazisindəki Sovet hərbi hissələrindəki 300-ə yaxın T-72 tanklarının və onların modifikasiyalarını özündə saxlayaraq, Silahlı Qüvvələrin tank parkını yarada bilmişdi.

1970-ci ildən bu günədək T-72 tankının üzərində dəfələrlə təkmilləşmələr aparılıb. Onu da xüsusilə qeyd etmək istəyirəm ki, bu gün postsovetlər dövlətlərindən yalniz iki dövlət – Rusiya və Ukrayna dərinləşdirilmiş təkmilləşdirmə işlərinin aparılmasına qadirdir.

UVZ müəssisəsi tərəfindən T-72B3 səviyyəsinə yüksəldilmiş tank “Tank Biatlonu-2016” beynəlxalq yarışda

Döyüş maşınlarının müasir döyüş meydanlarında ekstremal şəraitdə orta hesabla bir-iki gündən çox olmadıgını nəzərə alsaq, bu müddət ərzində döyüş potensialının imkanlarının maksimum dərəcədə həyata keçirilməsi üçün bütün döyüş xüsusiyyətlərinin (atış qüvvəsi, mühafizəsi, hərəkətliyi) olduqca maksimal məhdudiyyət həddinə qədər yüksəldilməsi vacib amillərdən biri hesab olunur.

Hazırda, Azərbaycan Silahlı Qüvvələrinin tank parkı fərqli xüsusiyətli güclü zərbə qüvvəsinə malik olan üç növ tankdan ibarətdir.

Onların döyüş əməliyatların aparılması xüsusiyyətlərinə müvafiq olaraq, döyüş dəstəyində istifadəsi daha səmərəli hesab oluna bilər.

SIM1 “Aslan” modernizasiya variantı ilə Ermənistan Silahlı Qüvvələrinin təminatında olan T-72B3 modernizasiya variantı ilə müqayisəsinə gəlincə, bildirmək istəyirəm ki, 2010-cu ildə Rusiyanın Müdafiə Nazirliyinin sifarişi ilə T-72B tankının əsaslı təmir daxil olmaqla (maşınların tamamilə sökülməsinə, bütün hissələrin yoxlanılmasına və köhnəlmiş ehtiyyat hissələri yeniləri ilə əvəz olunması) müştərinin seçdiyi yeni avadanlıq və digər komplekslərin tətbiq olunması hesabına T-72B3 modifikasiyası yaradılıb.

Təkmilləşdirmə zamanı tankda yeni atəş idarə etmə sistemi ilə bərabər tuşlayıcının çox kanallı universal nişangah komleksi tətbiq olunub. Bu qurğunun köməyi ilə tuşlayıcı günün istənilən vaxtında 5 kilometrə qədər məsafədə hədəfi aşkarlaya və tanıya bilər. Avtomatik hədəf izləmə sisteminin tətbiqi maşın hərəkət halında olduqda belə hərəkət edən hədəflərə atəş edən tuşlayıcının işini asanlaşdırdı.

Ermənistanın “Araqats” müəssisəsi tərəfindən T-72B tankları üçün yaradılmış periskoplar

Bundan əlavə, maşın atəş dəqiqliyini əhəmiyyətli dərəcədə artıran, avtomatlaşdırılmış atış prosesini hazırlayan, meteo və topoqrafik sensor dəsti olan rəqəmsal ballistik kompüterlə təchiz olunub. Yeni idarə olunan silah kompleksi bir TƏİR-lə hədəfi beş kilometrə qədər məsafədə yerindən və hərəkətdə məhv etməyə zəmanət verir.

Təkmilləşdirilmiş tank daha müasir dinamik mühafizə, yeni 125 mm 2A46M-5 topu, yeni UQD diapozonlu R-168-25U-2 “Aqveduk” radiostansiyası, yeni yanğınsöndürmə avadanlığı (YSA) və tuşlayıcının yeni çoxkanallı (TKN) “Sosna-U” nişangahı ilə təchiz olunub.

Nişangahın 4 kanalı var: optik, termal görüntüləmə, lazer və tank əleyhinə idarə olunan raketləri idarəetmə kanalı. “Sosna-U” nişangahı 1K-13-49 ştat nişangah yönəltmə cihazının yerinə quraşdırılıb. Tuşlayıcının köhnə 1A40-1 nişangahı ehtiyat baxımından ştat yerində saxlanılıb. Tank komandiri atəşin aparılmasını təmin edən “Dubler” sistemli TKN-3 MK cihazı ilə təmin olunub. Tankda tandem mərmilərdən mühafizə edən “Relikt” dinamik mühafizə sisteminin əvəzinə, quraşdırılmış “Kontakt-5” dinamik mühafizə sistemi tətbiq olunub. Qapalı zenit pulemyotunun quraşdırılması ixtisara salınmaqla əl ilə idarə olunan açıq zenit pulemyotunun qurğusu ştat yerində saxlanılıb.

Tankın artan kütləsi nəzərə alınaraq, dinamik xarakteristikaları yaxşılaşdırılmış, əsas baza qurğusuna nisbətdə gücü 30% -dən çox artırılmış 840 at gücündə 84-1 turbodizel mühəriki (T-72B tanklarındakı) saxlanıb. Başqa sözlə, T-72B3 tankının hərəkət hissəsi T-72B səviyyəsində qalıb. Bu baxımdan maşının hərəkətlik xarakteristikası yüksəlməyib. Tank GLONASS / GPS qəbulediciləri ilə təchiz olunmayıb. Baxmayaraq ki, 2014-cü ildə Alabinoda kecirilən Beynəlxalq Tank Biatlonunda iştirak edən Rusiya komandası ücün 1130 at gücü olan B-93 mühərriki, hidravlik ötürücü və avtomatik sürət qutusu ilə təchiz edilmiş xisusi T-72B3M (həmçinin T-72B4 olaraq təyin olunmuş) tanklarının hazırlandığını müşahidə etmişdik.

Bu modelin kütləsi T-90A kütləsindən təxminən 5 ton az olsa da yarışda iştirak edən digər tankların eyni göstəricisini üstələyirdi. Tankın kütləsinin 44,5 ton nisbətində, xüsusi gücü 25,39 at / ton təşkil edir. Bu mühəriklər yalnız 46,5 ton ağırlığında olan maşınlara quraşdırılması nəzərdə tutulub.

T-72B3 tankındakı top qurğusu da dəyişilməyib və T-72B səviyyəsində qalıb. Lakin sifarişcin istəyi ilə T-90SM tipli tanka tətbiq olunan 2A46M5 topla təchiz etmək mümkünü ola bilər.

Ermənistan T-72B tanklarının bir qismini Rusiya ilə birlikdə B3 səviyyəsində müasirləşdirməyə çalışır. Amma buna nə dərəcədə nail olub, məlumatım yoxdur. Qeyd edim ki, bundan əvvəl Polşa şirkəti ilə birlikdə də tanklarını müasirləşdirmək istəyirdi. Məsələ maliyyəyə gələndə işlər dayandı. Tank parkını modernizə etmək heç də asan iş deyil.

Azərbaycan Silahlı Qüvvələrin tank parkında olan T-72A və T-72M1 tanklarında İsrailin “Elbit Systems” şirkəti tərəfindən yeni döyüş və atəş idarə etmə sisteminin, sürücünün gecə görmə cihazının, yeni radio rabitə sisteminin, rəqəmsal selektor rabitə dəsti, köməkçi enerji təchizatı daxil olan və bəzi qurğular ştat yerində saxlanılmaqla təkmilləşdirilmə işləri aparılaraq, SİM1 “Aslan” modifikasiyası indeksi ilə qeydiyyata alınıb.

Azərbaycan Ordusuna məxsus T-72SİM1 “Aslan” tankı 2013-cü ilin iyun ayında Bakı şəhərində keçirilmiş hərbi paradda

“Elbit Systems” şirkətinin kataloq məlumatlarına əsasən deyə bilərik ki, çox kanallı bütün günlük termal qörüntülü TISAS nişangah komleksinin tətbiq olunması gecə və gündüz döyüş əməliyyatı şəraitində, iki müşahidə sahəsi rejimində işləyərək, maşın komandiri və tuşlayıcıya yerindən və hərəkətdə döyüşün səmərəli idarə olunması ücün imkan yaradır.

Termal görüntü kanallı nişangahın etibarlığını təmin etmək məqsədi ilə paralel (dubler) saxlanmış TPD-K1 gündüz uzaqlıqölcən qurğusu hesabına 3000- 3500 metrəyə qədər hədəfin tanınması təmin olunub.

Qulənin arxa hissəsində “Elbit Systems” / “Azimut Technologies” tərəfindən hazırlanmış, “Merkava” əsas döyüş tanklarında döyüş şəraitində sınaqdan keçirilmiş, xarici təsirlərdən asılılığı olmayan, özünü tanıyan, kombinə olunmuş müstəqil GPS naviqasiya və anten dəsti ilə, “Comet IMU” hədəfə yönəltmə sistemləri quraşdırılıb.

Tank asanlıqla əyilən və asanlıqla qeriyə öz mövqeyini alan, taxılıb çıxarılan iki antenlə dəstləşdirilən müasir radiostansiya ilə təchiz olunub. Tankın arxasında isə, gücü 7,5 kVt olan müstəqil köməkçi güc qurğusu quraşdırılıb.

Bununla belə, hesab edirəm ki, SİM1 “Aslan” modifikasiyalı tankın gövdə və qulləsinin zirehlənməsi, o cümlədən hərəkət xüsusiyyətlərini təmin etməyən 780-840 at gücünə malik köhnə mühərikin daha güclü mühərriklə əvəz edilməsinə ehtiyac var.

- Təbii ki tank və PDM istehsalı böyük maliyyə tutumlu və iqtisadi cəhətdən əsaslandırma tələb edən proqramlardır. 100-200 zirehli texnika ehtiyacına görə sıfırdan sənaye yaratmağa ehtiyac yoxdur. Lakin buna baxmayaraq milli sənayelər müəyyən detalların, hissələrin və sistemlərin yaradılmasına çalışır. Azərbaycanda bu sahənin perspektivlərini və ixrac imkanları baxımdan yerini necə görürsünüz?

- Ötən əsrdə aparılan müharibələrin təcrübələri göstərdi ki, qoşunların hərbi əməliyyatlarının uğuru, texniki dəstəyin təşkili, hərbi texnikanın və silahların yüksək döyüş hazırlığı vəziyyətində saxlanmasından asılıdır. Belə ki, hərbi texnikaların sulh zamanı gündəlik, mövsümü texniki xidmətlərinin, planlı təmir, plandan kənar, reqlament, cari, orta, təkmilləşdirmə, müharibə dövrü üçün döyüş əməliyyatları zamanı, döyüş əməliyyatlarından sonrakı dövrü əhatə edən təmiri həyata keçirilməli, texniki təminat növləri ilə müvafiq ehtiyyatları yaradılmalıdır.

Bu ehtiyatların yaradılması Azərbaycan Silahlı Qüvvələrinin tank parkında olan döyüş tanklarının, zirehli döyüş maşınlarının növlərinə, o cümlədən, sülh dövründə təlim məşqlərin keçirilməsi, müharibə dövründə döyüş əməliyyatlarına cəlb olunan hər bir maşının ilk üç günlük və tədricən səngiyən 10 günlük döyüş əməliyyatlarının aparılması ücün ehtimal olunan ehtiyat hissələrindən ibarət cari təmir dəstləri 1.2 (CTD1, CTD2), briqada (alay), cəbhə, korpus, Müdafiə Nazirliyində, təmir zavodunda cari və ehtiyat,o cümlədən xüsusi alət və ləvazımatlar dəstlərindən ibarət fondları yaradılmalıdır .

Zirehli texnikaların ehtiyat resurlarına müvafiq, ehtiyat fondlarının hesablamaları, sıradan çıxma, mina və mərmi təsirlərindən döyüş zədələnmələrinin təmir-bərpa işlərinin aparılması baxımından, ehtiyat hissələr təmir növlərinə əsasən bölmələrə bölünərək təşkil olunmalıdır.

Lakin indiki mövcud Azərbaycan Silahlı Qüvvələrinin tank parkında SSRİ və onun varisi olan Rusiyada SSRİ-dən qalan zirehli texnikaların olduğunu nəzərə alsaq xaricdən asılı olduğumuzu görərik.

Təmir fondu zəngin olan dövlətlər bir neçə il zirehli texnikaların döyüş qabliyyətini minimum səviyədə saxlamaq iqtidarında olsalar da, bəzi dövlətlər alternativ yollarla istehsal edilən keyfiyyətsiz məhsullarlarla təchiz olunur. Lakin bu üsulla bərpa olunan maşınların ehtiyyat resurlarını müəyyən etmək ya yalnış olur, yaxud da mümkün olmur.

Qeyri-leqal istehsalata alternativ olaraq, sənayedəki istehsal üsullarını və prosesləri müəyyən istehsal metodları ilə bir texnologiyada birləşdirməklə müəyyən məhsulları istehsal etmək mümkündü.

Məsrəf olunan məsullardan başlamaqla qoruyucuların və başqa qurğu və avadanlıqların hazırlanması perespektivdə daxili və xarici təlabat ücün istehsalat sahələrinin yaradılması mümkün ola bilər. İlk mərhələdə sıxılmış hava sistemlərinin qurğu və avadanlıqları, yanğından mühafizə sistemlərinin avadanlıqları, rezin texniki məmulatların bütün növləri (reqlament təmirdə), yanacaq və yağ boruları, termosların incə və kobud süzgəcləri, müxtəlif amperajlı elektrik qoruyucuları, sinə çevriciləri, alət və ləvazımatlar, xüsusi açarlar dəstləri və başqa tələb olunan ehtiyat hissələrin yerli istehsalı mümkündür.

Bu baxımdan hesab edirəm ki, SSRİ dönəmində istehsal olunan zirehli texnikaların qeyd etdiyim ehtiyyat hissələrinin istehsalı sahəsində Azərbaycan Müdafiə Sənayəsi Nazirliyi müəyyən addımlar ata bilər. Bu həm daxili ehtiyacların qarşılanması, həm də perspektiv ixrac imkanları deməkdir.

0
Moderator.az