Şəhid ailəsi üzvünə qarşı dələduzluq - Hadisəni törədən şəxs axtarışa verilib

ÖLKƏ
17:10 / 13.06.2023
581

Saatlı rayonu, İcra və Probasiya Şöbəsinin icra məmuru Həsən Novruzov dələduzluğa görə hazırda axtarışda olan Ramid Zakir oğlu Şirinovu polisdən gizlətməkdə ittiham edilir. 

Saatlı rayon sakini şəhid ailəsinin üzvü Nailə Hacıyeva Hit.az-a bildirib ki, Saatlı Rayon Məhkəməsi onun şikayəti əsasında Ramid Zakir oğlu Şirinov barəsində hökm çıxarıb. Hökmə əsasən, Ramid Şirinov ona vurduğu ziyanın qarşılığı olaraq 5 min 700 manat ödəməlidir. 

“Məhkəmə 2022-ci ildə ədalətli qərar verdi. Lakin Saatlı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Həsən Novruzov məhkəmə hökmünün icrasını təmin etmək əvəzinə Ramid Şirinovu himayə edir. Təsəvvür edin ki, dəfələrlə Həsən Novruzova müraciət etsəm də, deyir ki, Ramid Şirinovu guya tapa bilmir. O gün isə Həsən Novruzov telefonuma bir səs yazısı atdı. Açdım ki, həmin səs yazısını Ramid Şirinova ünvanlayıb. Həsən Ramidə müraciətlə deyir ki, Ramid, apar mənə bu ay verəcəyin puldan 200 manatı Nailəyə ver, səsi kəsilsin. Yoxsa Ədliyyə Nazirliyinə şikayət edəcək. 

Onun bu səs yazısı ilə Ramidlə Həsən Novruzovun əlaqəsinin olması təsdiqlənir. Həm də Həsən Novruzov Ramid Şirinovdan hər ay pul alıb onu himayə edir. Mən də Həsən Novruzovu yığdım, dedim ki, sən dələduzu himayə etmə, mən ədliyyə naziri cənab Fikrət Məmmədova şikayət edəcəyəm. Yalvardı ki, etmə, pulu ödətdirəcəyəm. İndi də nə pulu ödətdirir, nə də telefon zənglərimə cavab verir”.

Şəhid ailəsinin üzvü deyir ki, icra və probasiya məmuru faktiki olaraq dələduzu polisdən də gizlədir: “Polisə də şikayət etmişik. Hazırda polis bizə qarşı dələduzluq edən, Azərbaycan məhkəməsinin hökmünü saya salmayan Ramid Şirinovu axtarır. Həsən Novruzov isə onu polisdən də gizlədir. Ona görə də şəhid ailəsinin üzvü kimi ədliyyə naziri cənab Fikrət Məmmədova müraciət edirəm: Hörmətli nazir, bizə qarşı dələduzluq edən Ramid Şirinovun mənə vurduğu ziyanı ödətdirilməsi, onu himayə edən Həsən Novruzovun cəzalandırılmasına göstəriş verəsiniz”.

Şəhid ailəsinin üzvü nazirdən xahiş edib ki, onu qəbul edərək dinləsin.

Hit.az məsələ ilə əlaqədar Saatlı rayon İcra və Probasiya Şöbəsi ilə əlaqə saxlayıb. Şöbədən bildirilib ki, Ramid Şirinov axtarışa verilib: “Biz həmin şəxsi də, Nailə xanımı da şöbəyə dəvət etmişik. Ramid Şirinovun Nailə Hacıyevaya hər ay 200 manat ödəyəcəyi razılaşdırılıb. Yəni, tərəflər özləri də buna razılaşıb. Sonradan Ramid Şirinov öhdəliyə əməl etməyib. Həsən Novruzov isə onunla əlaqə saxlayaraq 200 manatı Nailə Hacıyevaya ödəməsini bildirib və bunun səs yazısını da xanıma atıb. Yəni, məsələ onun dediyi kimi olmayıb. Ramid Şirinov bu halda da öhdəliyə əmək etmədiyinə görə axtarışa vermişik. O Saatlı qeydiyyatında olsa da, Bakıda yaşayır. Eyni zamanda bu məsələ barədə Ədliyyə Nazirliyini də məlumatlandırmışıq”.

Anar

0