Havalar anomal keçir? - AÇIQLAMA

15:37 / 19.06.2023
1094

"Sanki havaların anomal keçməsi ilə əlaqədar deyilənlər bir az insanlarımızın sinirlərini pozmaq üçündür".

Bu sözləri HİT.az-a açıqlama verən “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli deyib.

O qeyd edib ki, bəzən lokal olaraq, Bakı şəhərinin havasını əsas gətirərək, anomal isti və ya yağıntılı hava keçdiyini, yaxud da belə olacağını deyirlər:

"Bu yanlışlıqla bərabər insanların əsəbinə təsir edir, bir çox nevrotik xəstəliklərin, xüsusən təzyiqin sıx-sıx yüksəlməsinə səbəb olur. Mütəxəssislər yaxşı bilirlər ki, yaxın bir, iki ilin hava amplitudası ilə anomal dəyişikliklər barədə yekun nəticə çıxarmaq olmaz. Bu minimum 10-30 ilin iqlim şəraiti öyrənilərək deyilə bilər.  

Əlbəttə çılpaq gözlə Bakı daxil bəzi bölgələrimizdə qışda qarın yağmaması müşahidə olunmaqdadır. Ancaq məsələn, 2012-ci ilin qışında Bakı şəhərində bol qar yağmışdı. O il bahar və yay da mülayim keçdi. Ötən ilin müvafiq dövründə yay xüsusən mülayim, iyul ayı isə çox isti keçdi. Bu il isə Bakı şəhərini və ya Xəzərətrafına yaxın əraziləri götürsək, küləkli və qismən yağıntılı keçməkdədir".

Mütəxəssis rayonlarımızda isə bol yağıntılar və leysanlar yağdığını vurğulayıb:
"Hətta insanlarımızın həyatını itirdiyi hallar belə oldu. Bu isə ölkə ərazisinə qərb hava kütlələrinin gətirdiyi yağıntılar nəticəsində oldu. Bu yağıntılar xüsusən Türkiyənin Qara dəniz bölgəsində hər daim özünü göstərir. Bəzən də Gürcüstana daxil olaraq, orada fəlakətlərə səbəb olur.  Hərdən Azərbaycan ərazisinə də daxil olur və fəlakətlərə rast gəlirik.  Əslində xüsusən bizim ölkədə uzun müddət anomal yağış və nəticəsində sel olmadığından insanlarımız dərə ağızlarında ysşayış məskənləri, yurd salırlar. Qəfil daxil olan yağıntılı havaların xüsusilə yay aylarında yaratdığı sel nəticəsində fəlakətlərlə üzləşirik". 

Qorxmaz İbrahimli yayda havaların isti keçməsinin anomallıq olmadığını diqqətə çatdırıb:
"Bu mənada yayda havaların arada kəskin isti keçməsi anomallıq deyil.  Eləcə də külək və yağıntılı olması. Qlobal istiləşmənin təsirindən qurtulmaq və ya hazır olmaq üçünsə birinci növbədə maarifləndirmə olmaqla hökumət vacib qərarlar qəbul etməlidir".

Pərviz

0