Dondurma yeyərkən nələrə diqqət etməliyik? - AÇIQLAMA

ÖLKƏ
14:28 / 20.06.2023
889

"Dondurma süd məhsulu olduğu üçün riskli məhsullar sırasındadır".

Bu sözləri sağlam qidalanma mütəxəssisi, Qida təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova HİT.az-a açıqlamasında deyib.

O bildirib ki, dondurma yüksək risk qrupuna aid olduğu üçün mütləq şəkildə keyfiyyətli qida məhsullarından istifadə olunmalıdır:

"Onda əsas qida məhsulları süd, qaymaq və yağdır. Əgər keyfiyyətli və doğru istehsal qaydalarına uyğun hazırlanıbsa, istifadə müddəti də nəzərə alınmalıdır. Yaxşı olardı ki, son istifadə müddəti göstərilməyən məhsullardan istifadə olunmasın. Çünki saydığımız məhsullar tez xarab olduğu üçün onlara bir çox konservantlar vurulur ki, uzun müddət rəf ömrünü saxlasın, eləcə də keyfiyyətini, dadını, qoxusunu və rəngini pozmasın. Təbii ki, bu məhsul doğru şəkildə, düzgün temperaturda və soyuducuda saxlanılmırsa, habelə ekonomiya etmək üçün soyuducunun söndürülüb, müəyyən vaxtdan sonra yandırılması da dondurmanın tərkibində mikrobioloji çirklənmələr və dəyişikliklər baş verir. Bu hallar isə zəhərlənməyə səbəb olur. Həmçinin, düzgün şəkildə saxlanılmadıqda və dondurma ilə birlikdə digər məhsulların olduğu soyuducuda mütləq şəkildə çarpaz çirklənmə olur. Bu da dondurmanın tərkibinin dəyişməsinə və onda bir çox zərərverici bakteriyaların çoxalmasına gətirib çıxarır. İnsanlar elə dondurmaları qəbul etdikdən sonra qusma, ishal, şişkinlik, köp, bağırsaqlarda mikroflarının pozulması və həzmsizlik kimi problemlərlə rastlaşırlar".

328512

Mütəxəssis dondurma alarkən nələrə diqqət etməli olduğumuzdan da bəhs edib:
"Ümumiyyətlə, paketlənmiş məhsulları alanda paketin pozulmadığına diqqət etmək lazımdır. Eyni zamanda, yediyiniz dondurmada buz kristalları olmamalıdır. Bununla yanaşı, ağızda qum kimi ovulur və xoşagəlməz dad verirsə, bu, dondurmanın xarab olduğunu göstərir. Mütləq şəkildə paketin üzərində istehsalçı şirkətə aid bütün məlumatlar yerləşdirilməlidir ki, hər hansı xoşagəlməz hallar olduqda müraciət etmək üçün ünvan olsun. Eyni zamanda, məhsulun içindəki inqridentlər tam şəkildə göstərilməlidir".

O qeyd edib ki, ən çox risk qrupuna aid olan dondurmalar isə açıq şəkildə satılanlardır:
"Əgər sadə dondurmadırsa, onu uzun müddət saxlamaq olur. Amma meyvəli və hər hansısa dadlandırıcılardan istifadə olunubsa, onların saxlanılma müddəti çox azdır. Hətta təzə meyvə qatılıbsa onun saxlanılma müddəti 3 günü keçməməlidir. Yaxşı olar ki, həmin məhsullar günəş şüaları altında saxlanılmasın. Əks hallarda tərkibində mikrobioloji çirklənmələr olur ki, onları qəbul edəndə xüsusilə həssas yaş qrupuna daxil olan uşaqlarda və yaşlı insanlarda öz mənfi təsirlərini göstərir. Bəzən insan gün ərzində fərqli qidalarla qidalandığı üçün hansı məhsuldan zəhərləndiyini və ya ona hansı məhsulun pis təsir etdiyini bilmir".

Məhsəti Hüseynova dondurmanı yemək üçün ən uyğun vaxtın günün birinci yarısı olduğunu vurğulayıb: 

"Dondurmanı mütləq şəkildə mənşəyi və keyfiyyəti bəlli olan yerdən almaq lazımdır. Xüsusilə də dondurmanı yeməkdən 1 saat yarım sonra və yaxud da 1 yemək vaxtı qəbul etmək lazımdır. Gün ərzində 150-200 qramı keçməmək şərti ilə dondurmanı yemək faydalı hesab olunur. Günün birinci yarısında qəbul olunması onun gün ərzində enerjiyə çevrilməsinə səbəb olur. Axşam saatlarında qəbul olunduqda isə artıq kalorili olduğu üçün qaraciyər yağlanması və piylənməyə səbəb olur. Bu məqamlara da diqqət etmək lazımdır".

Pərviz

0