"Xəyanət hər iki tərəf üçün bağışlanmaz və çox acınacaqlı haldır. Çünki artıq bu o deməkdir ki, tərəflərdən biri üçün münasibət bitib".
Bu sözləri HİT.az-a açıqlama verən psixoloq Vəfa Əkbər deyib.
O bildirib ki, xəyanətə "don geyindirmək" istəyənlər də olur:
"Yəni "boşluğa düşdüm", "şeytana uydum" kimi sözlər deyərək, özlərinə bəraət qazandırırlar. Amma birmənalı olaraq xəyanət varsa, tərəflər arasındakı saf məhəbbət, qayğı anlayışı və bir-birlərinə olan sadiqlik bitir. Ona görə xəyanət edirlər ki, gənclər bir-birlərini tanımadan və sevmədən ailə həyatı qururlar. Həmçinin, evlilik müddəti boyunca insanlar məişətləşir, məişət planları ön plana çıxdığı üçün bir-birlərini unudurlar. Artıq onlara xoş gələn, ruhunu oxşayan başqa biri tərif və ya xoş söz dedikdə həmin gözəl duyğuları yaşadığı üçün bu tələyə düşürlər. Bununla yanaşı, tərəflərin birində mütləq şəkildə baş vermiş soyuma da xəyanətə səbəb olur. Bəzən münasibətdə qarşılıqlı sevgi olmur, yalnız birinin sevgisinə əsaslanaraq münasibət qurulur".
Psixoloq vurğulayıb ki, xəyanət olan münasibətlərdə cütlüklərin bir araya gəlməsi də çox çəkmir:
"Əgər bu, uzun müddət davam etsə, onda həmişə deyinmələr və münaqişələr hökm sürür. Amma tərəflərdən biri bunu qəbul etmirsə, mütləq şəkildə xəyanətdən bir müddət sonra münasibəti kəsir".
Pərviz