"İmtahanda sualların hamısına doğru cavab verərək 700 bal toplamaq şans işidir".
Bu sözləri HİT.az-a açıqlama verən təhsil eksperti Adil Vəliyev deyib.
O, qeyd edib ki, sualların cavablarını kodlaşdırarkən səhv ola bilər:
"Həmçinin, hesablama apararkən doğru hesablama aparılmadığı üçün səhv cavabı seçmək də mümkündür. Bu kimi hallar baş verə bilər. Mənim üçün də 700 ballıq maksimum bal heç vaxt keyfiyyət göstəricisi olmayıb. Yəni mən əsasən qruplar üzrə statistikaya baxaraq, əvvəlki illəri müqayisə edirəm. Baxıram ki, hansı qruplardakı bal aralıqlarında nə kimi dəyişikliklər var. Mənim üçün əsas olan məhz bu statistikadır. Ona görə də bu ilin göstəricilərinin və ixtisas ballarının hansı səviyyədə olacağını düşünürəm".
Ekspert insanları yanıldan şəxsləri də tənqid edib:
"Təəssüflər olsun ki, hələ birinci imtahanın belə nəticələri açıqlanmamış guya bəzi ixtisas seçimi ilə məşğul olan şəxslər artıq balların qalxacağını və ya enəcəyini deyirlər. Hər il ixtisas seçimi yaxınlaşanda bu insanlar üzə çıxırlar. Təəssüf ki, abituriyentləri və valideynləri yanılda bilirlər".
Adil Vəliyev vurğulayıb ki, ən əsas məsələ bala görə ixtisas seçimidir:
"Çünki bala görə ixtisas seçimi edəndə artıq universiteti deyil, həmin universitetin məzunlarının harada işlədiyini düşünün. Ümumiyyətlə, həmin tələbələr məzun olduqdan sonra iş tapa bilirlərmi? Bunu da nəzərə almaq lazımdır. Düşünürəm ki, universitetinin karyera departamenti və yaxud da məzun şöbəsindən maraqlanıb, mütləq şəkildə bunu nəzərə alaraq ixtisas seçimi etməlisiniz".
Pərviz