"Azərbaycan üçün qarpızın mövsümü iyulun 20-dən sonra başlayır".
Bu sözləri HİT.az-a açıqlama verən Sağlam Qidalanma mütəxəssisi, Qida təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova deyib.
O bildirib ki, iyulun 20-nə qədər satılan qarpızların əksəriyyəti hormonlarla böyüdülmüş, süni istilik verilmiş və həddindən artıq azotdan istifadə olunmuş qarpızlardır:
"Bu qarpızların insan orqanizmi üçün heç bir faydalı xüsusiyyəti yoxdur və sadəcə lifli qida olaraq qəbul olunur. Amma tərkibindəki kimyəvi maddələr insan orqanizmində zəhərlənməyə səbəb ola bilir. Xüsusilə uşaqlar, xroniki xəstəliyi olanlar, həssas yaş qrupuna aid olanlar, yaşlı insanlar və hamilə qadınlar üçün daha təhlükəlidir.
Bəzən insanlar mövsümü olmayan qarpızı başqa qida ilə birlikdə qəbul edirlər. Amma immun sistemi aşağı olan insanlarda həmin qidaların qarşılıqlı təsiri nəticəsində də zəhərlənmə baş verir. Ümumiyyətlə, mövsümündə olmayan qarpızı yemək məsləhət görülmür. Bəzən satıcılar qarpızın isti ölkələrdən gətirildiyini deyirlər. Amma xaricdən gələn qarpız da uzun müddət məsafə qət etməsi üçün kal şəkildə dərilir və yolda xarab olmaması üçün müəyyən dərmanlama prosesi aparılır. Həmin dərmanlar, kimyəvi maddələr isə insan orqanizmində həll olunaraq yığılıb qalır. Bu da qaraciyər və böyrək çatışmazlığına səbəb olur. Ona görə də yaxşı olar ki, qarpızı mövsümü olmadıqda qəbul etməsinlər. Azərbaycan üçün təbii qarpız iyulun 20-dən sonra satılan qarpızlar hesab olunur".
Mütəxəssis keyfiyyətli qarpızı necə tanıya biləcəyimizdən də söz açıb:
"Keyfiyyətli qarpızın ölçüsü çox böyük olmamalıdır. Çəkisi isə ortalama 5-7 kiloqram şəklində olmalıdır. Həmçinin, qarpızın səthi hamar, zədələnməmiş, saplağı quru, bəzəkləri isə aydın və parlaq olmalıdır. Bununla yanaşı, keyfiyyətli qarpıza toxunduqda boşluqdan gələn səsə bənzər səs çıxmalıdır. Bütün bunlar onun təzə və keyfiyyətli olduğunu göstərir. Üzərində sarı ləkələr çoxdursa deməli, həmin qarpız tam yetişməyib. Hətta bəzən şirin də olmaya bilər. Ona görə qarpız seçərkən bunlara diqqət etmək lazımdır".
Ekspert qarpızdan zəhərlənmə hallarına da toxunub:
"Qarpızı yetişdirərkən fitohormonlar adlanan digər bitki hormonlarından da istifadə edirlər. Hansı ki, onlar da insan orqanizmində böyük fəsadların yaranmasına səbəb olur. Mütləq mənada buna da diqqət etmək lazımdır. Qarpız zəhərlənməsi əsasən birdən-birə soyuq tərləmənin olması, qusma, ishal, gözlərdə qaranlıq çökməsi və başgicəllənməsi kimi özünü göstərir. Belə olan halda mütləq şəkildə həkimə müraciət etmək lazımdır.
İyulun 20-dən sonra satışa çıxarılan qarpızlarda zəhərlənmə çox az baş verir. Zəhərlənən insanda təzyiq düşüb və soyuq tər basıbsa, onu başıaşağı şəkildə saxlamaq lazımdır. Eyni zamanda, mümkün qədər çoxlu maye içməsini təmin etmək lazımdır. Ardınca isə xəstəyə tibbi yardım göstərilməsi üçün həkimə müraciət etmək şərtdir. Təbii ki, qarpız faydalı qidadır. Mövsümündə olsa belə, mütləq şəkildə miqdarı keçməmək lazımdır. Ümumiyyətlə, qarpız yeməkdən dərhal sonra qəbul edilməməlidir. Yeməkdən öncə qarpız yedikdə isə fasilə vermək lazımdır. Yəni növbəti qida üçün ən azı 40-50 dəqiqənin keçməsini gözləmək tövsiyə olunur. Bu zaman həm digər qida ilə reaksiya getməz, həm də zəhərlənmə halları baş verməz".
Pərviz