Partiya sədrinin həbsi tələb olunur - 147-ci maddə...

ÖLKƏ
19:16 / 04.07.2023
383

Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu xüsusi ittiham qaydasında məhkəməyə verilib. 

Qaynarinfo xəbər verir ki, ərizəçi Ağasif Şakiroğlunu Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittham edir. 

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın icraatındadır. 

Partiya sədrini məhkəməyə verən Azərbaycan İdman Jurnalsitləri Assosiasiyasının prezidenti Eldar İsmayılovdur. 

Ağasif Şakiroğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, Eldar İsmayılov bir neçə media orqanını məhkəməyə verib. Onun rəhbərlik etdiyi partiya isə medianı müdafiə edən bəyanat yayıb. 

“Bəyanatda hər hansı təhqir və böhtan elementləri yoxdur. Sadəcə qeyd etmişik ki, mətbuatın məhkəmə işlərinə cəlb edilməsi mediaya qarşı basqıdır, azad sözün boğulmasıdır”, deyə Ağasif Şakiroğlu bildirib. 

Partiya sədri əlavə edib ki, məhkəmənin ədalətinə inanır və işlə bağlı obyektiv qərar çıxarılacağına ümid edir.

147-ci maddədə 1000 manatdan 1500 yüz manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

0