Hər qaranlıq gecənin bir işıqlı gündüzü, hər bağlı qapının bir açılan vaxtı olur

18:07 / 12.07.2023
531

Rəhmanımsan, Rəhimimsən, Rəbbimsən,
Əhədimsən, Rəsulumsan, Kərimsən.
Səlamımsan, qadirimsən, eşqimsən,
Tək ümidim, tək gümanım, pənahım,
Təkcə sənin əsirinəm Allahım! 
(R.Abbaszadə)

Hər qaranlıq gecənin bir işıqlı gündüzü,hər bağlı qapının bir açılan vaxtı olur.Ya səbir deyə sığındığımız,ətəyindən yapışdığımız iman sahibindən ən gözləmədiyimiz anda nicat gələr.Açar bütün qaranlıq qapı arxasındakı naümid könüllərin yolunu,şəfa verər illərin qaysaq bağlamış yaralarına.Vardır,əlbət,hər Tanrı qulunun bir keçməkeşli həyat hekayəsi;kiminin dərin,kiminin dayaz çuxurlu yollarda irəlilədiyi.Kiminin davam gətirib yaşam mübarizəsində qalib sərkərdə olduğu,kiminin də tab gətirə bilməyib həyat girdabında boğulduğu.

Gülüşü dünyaya işıq saçanlar və ya göz yaşından gülüşü unudanlar…Hər kəsin bir dərdi,ya da dərd dediyi bir sıxıntısı var.Fani dünyanın ucu-bucağı görsənməyən zaman ərəfəsində yaşayırıqsa,fani həyat məfhumuna da alışmalı,mübarizəmizi də ona uyğun aparmalıyıq.Qadın ya kişi ,fərqi yoxdur,insan övladı yaşadığı hər anın mücadiləsini verir əslində.Kimisi savaş halında,kimisi sükut…Çətinlik anlamı gender fərqində deyil,hər kəsə eyni yükdə gəlir;qadın ya kişi.Sadəcə hər kəsin o yükü daşıyacaq qüvvəsi,o ağırlığı üstlənəcək mənəvi gücü yetərli olmur,məncə.Həyatın mənəvi sınağından,tükənmək bilməyən imtahanından üzüağ çıxanlar da olur,əzilib insan olmaqdan çıxanlar da…
Bəs qalib olanlar kimdir?Bunun anlamını necə qavrayırıq?

Həyatda ən bahalı şey təcrübədir, çünki qazanmaq ,qalib olmaq üçün itirmək gərəkdir. İtirdiyimiz məfhumlar olsa da onun bizə qazandıran tərəfi də olmuşdur əslində.Təbii ki, itkinin yaşatdıqları anlam olaraq mənfi təsir daşıyır şüurumuzda, fəqət, yaşama ruhuna sahib, uğur və xoşbəxtlik qazanmaq uğrunda qətiyyətli, optimist insanlar bu olanları fürsətə çevirməyi bacarırlar.Bəs necə olur bu?

Uğursuzluqların yaşanmasının səbəbi, hardasa yaşanmış əməlin və hansısa bir xətanın nəticəsi sayıla bilər.Bu isə o deməkdir ki,bu yanlışdan öncə də bir sıra xətalar edilmiş ,çünki dərs götürüləcək bir olay yaşanmamışdır.Bütün məsələnin kökü sayılacaq nəticə burdadır. Dərs verəcək bir olay. Elə bir situasiyaya düşürük ki, hətta həyatın sonunun da gəldiyini düşünə bilirik. 48 yaşında intihar edən, XX əsrin ən böyük şairələrindən biri olan Marina Svetayevanın son qeydlərindən birində dediyi kimi; "Tanrı ,qınama məni,amma sən bu dünyada qadın olmamısan,, Çətinliyin ən ağır dərəcəsinə qədər hər kəs bu anı yaşaya bilər, amma önəmli olan, yaşadıqlarından sonra həyatını geri qazana bilməkdir.Önəmli olan,bu düşüncələrlə yaşamağa başladığın an,müvəffəqiyyət qazandığın an, keçmişə dönüb “Məni xilas edən bu olay oldu.”deyə bilməkdir.

Bax o zaman anlayırıq ki, qazanmaq üçün nələrisə itirmək lazımmış. Məğlubiyyəti fürsətə, qazanca, uğura çevirdiyin an əsil qalibiyyətin bu olduğunu anlayırıq.Bu səbəbdən də yaşamış olduğumuz dərin ümidsizlikləri böyük bir ümidə çevirməyi bilməliyik. Yaşadıqları məğlubiyyəti dərs aldıqları bir qalibiyyətə çevirməyi bilənlər həyata bir addım geridən başlayanlar yox,hər kəsdən bir addım irəlidə olanlardır.

Gülər Mübariz

0