İyulun 14-də Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə Respublika fənn olimpiadalarında yüksək nəticələr göstərən şagirdlərə diplom və mükafatlar təqdim olunub.
Bildirilib ki, 8 fənn üzrə təşkil edilən olimpiadalarda 84 qızıl, 166 gümüş, 248 bürünc olmaqla ümumilikdə 498 medal qazanılıb. Qaliblər respublika üzrə 209 ümumi təhsil müəssisəsində təhsil alan şagirdlərdir. Sumqayıt məktəbliləri hər il olduğu kimi bu il də yüksək nəticələr göstəriblər.
Belə ki, Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə görə, təkcə Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdləri 5 qızıl,6 gümüş,12 bürünc olmaqla ümumillikdə 23 medal qazanıblar. Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 9- cu sinif şagirdi Elay Məmişov də olimpiadada medal qazananlar sırasında yer alıb. Elay Respublika Fənn Olimpiadasında fizika fənnindən gümüş medal qazanaraq adını medalçılar sırasına yazdırıb. Bu Elayın RFO -dan ilk medalı deyil. Nümunəvi şagird ötən il də fizika fənnindən bürünc medal qazanaraq, medalları sırasına daha birini əlavə etmişdi. İkiqat RFO medalçısı olmaqla yanaşı Elay indiyə qədər çox sayda olimpiada və müsabiqələrin qalibi olmuşdur.
2021-ci ildə keçirilən Respublika Fənn Müsabiqəsində Fizika üzrə qızıl medal, 2022-ci ildə baş tutan Naqif Nəbiyev adına fizika müsabiqəsində isə qizıl medal qazanıb. Bundan əlavə Elayın Kapitanı olduğu “Dahilər"komandası " Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə Respublika Çempionatinda da uğurlara imza atıb. Komanda sözügedən intellektual oyunda 2 dəfə 1-cilik 1 dəfə isə 2-cilik qazanıb.
Elayın bu il əldə etdiyi uğurlardan biri də 9-cu siniflərin buraxılış imtahanında 297 bal toplayaraq öz həmyaşıdları arasında Sumqayıt 1-cisi olmağıdı. RFO-nın mükafatlandırılma mərasimində həmsöhbət olduğumuz bu istedadlı oğlanın fikirincə insan uğur qazanmaq istəyirsə öz şəxsi inkişafı üçün daim çalışmalıdır və təbii ki, zəhmət çəkən insanın əziyyəti yerdə qalmır, mükafatı mütləq olur:
“Hər şey ailədən başlayır. Əgər hər zaman sənə dəstək olan ailən varsa bu artıq uğurun başlanğıcıdı. Bu baxımdan şanslıyam. Valideynlərin təhsilin önəmini aşılaması, səni yönləndirməsi çox vacibdir. Düşünürəm ki, valideynlərimin qazandığım uğurlarda böyük payları var. Eyni zamanda təhsil aldığım gimnaziyanın rəhbərliyinə və sevimli müəllimlərimə də təşəkkür borcluyam. Mənimlə bərabər Gimnaziyada təhsil alan digər məktəb yoldaşlarım da müxtəlif səviyyəli dünya olimpiadalarında, Respublika Fənn Müsabiqələrində, umumiyyətlə Respublika və Dünya səviyyəli müxtəlif yarıs və olimpiadalarda ciddi uğurlara imza atıblar ki, bu da müəllimlərimizin səyəsində mümkün olub”.
Elay düşünür ki, məlumatların əlçatanlığı baxımından xarici dil biliklərini atırmalıdı. Bu baxımdan növbəti idən alman dilini də öyrənməyi planlaşdırır. İxtisas seçimi ilə bağlı qərar verməsə də, təhsilini xaricdə nüfuzlu ali məktəblərin birində davam etdirmək istəyir. Hazırkı məqsədi dərslərini daha yüksək səviyyədə oxumaq, növbəti müsabiqə və olimpiadalarda medallarının sayını artırmaqdı.