Yeniyetmələrin kriminal aləmə meyilli olmasına səbəb nədir? - AÇIQLAMA

ÖLKƏ
16:03 / 17.07.2023
856

Təəssüf ki, bəzi gənclər arasında kriminal aləmə meyillik özünü açıq şəkildə biruzə verir.

Xüsusilə də bunu yeniyetmələrdə daha çox müşahidə edirik. Onlar, adətən kriminal avtoritetlərə və ya bu məzmunda çəkilən serirallardakı obrazlara bənzəməyə çalışırlar. Bu isə əlbəttə ki, onların inkişafına və gələcək həyatlarına birbaşa təsir edə bilir. Təəssüflə qeyd etmək lazımdır ki, bu təsir çox mənfi olur. 

Bəs bəzi gənclər və yeniyetmələr arasında kriminal aləmə marağın yaranmasının əsas səbəbi nədir?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən Peşəkar Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Nuriyyə Quliyeva bildirib ki, son illərdə istənilən yaş qrupundan kriminal aləmə meyilli, aqressiv öz yaşıdlarına və ya özündən zəiflərə şiddət göstərən şəxslərin sayı artıb:

330080

"Yəni sadaladığım xüsusiyyətləri özündə daşıyan müxtəlif yaş qrupuna aid şəxslər var. Onlar arasında, ibtidai sinif uşaqları, məktəblilər, gənclər və hətta yetkin insanlar da var. Əvvəllər cinayətə meyilli və bu kimi qanunazidd davranışları ən çox yeniyetmələrdə, gənclərdə və ya yaşı daha yetkin olan şəxslərdə görürdük. Bu gün isə artıq 3-cü sinif şagirdinin belə yaşına uyğun olmayan şəkildə həddindən artıq aqressiv olmasını, insanlara zərər verdiyini və cinayətə meyil etdiyini görə bilirik.

Bunların kökündə cizgi filmləri və seriallar dayanır. Təəssüf ki, valideynlər övladlarının baxdığı serialların onların yaşına uyğun olub-olmadığına heç bir halda diqqət yetirmirlər. Lakin bəzi seriallarda deyilən ifadələr, şiddətdən, silahdan istifadə olunması və digər davranışlar azyaşlılara uyğun deyil. Əlbəttə ki, bunlar onların psixologiyasına mənfi təsir edir. Çünki yavaş-yavaş formalaşmaqda olan şəxsi keyfiyyətlər bu kimi davranışların təsirində qalır. Xüsusən də yeniyetmələr bu kimi davranışların daha tez təsiri altına düşürlər".

Psixoloq serialların yeniyetmələr üzərində təsir gücünün nə üçün güclü olduğunu isə belə izah edib:

"Çünki bəzi seriallardakı əsas qəhrəman hər hansısa kriminal aləmin nümayəndəsi olur. O isə hər hansı bir problemi həll edərkən şiddətə, silaha və cinayətə əl atır. Həmin obraz bizə qəhrəman kimi göstərildiyi üçün avtomatik olaraq yeniyetmə də onu özünə nümunə götürür. Çünki o, əsas qəhrəmandır. Əsas qəhrəman isə hər zaman doğru, ən güclü və qalib gələn olur. Təəssüflər olsun ki, yeniyetmələr onun etdiyi davranışın yanlış olduğunu təhlil etmədən, tənqidi yanaşmadan onu nümunə götürürlər. Nticədə isə bu kimi hallarla qarşılaşırıq.

Belə yeniyetmələr məktəbdə öz yoldaşları ilə problem yaşayanda serialda gördüyü kimi şiddətə əl atırlar. Hətta bəzən şagirdlər arasında qruplaşma olur və özləri arasında başçı seçirlər. Üstəlik, eynilə serialda gördükləri şəxsləri yamsılayan və eyni ləqəblə çağırılan yeniyetmələr də, gənclər də var. Onlar, serialda gördükləri obrazın xüsusiyyətlərini real həyatda özündə daşıyaraq, eyni hərəkətləri və şiddəti başqalarına qarşı göstərirlər".

Həmsöhbətimiz hansı şəxslərin belə serialların təsiri altına düşdüyündən də söz açıb:

"Təbii ki, o serialları izləyən hər kəsdə həmin meyillilik və qanunazidd əməllər olmur. Ailəsi tərəfindən alçaldılan, təhqir olunan, şiddətə məruz qalan və diqqət görməyən şəxslər bu kimi vəziyyətlərdə daha tez təsir altına düşürlər. Nəzərə almaq lazımdır ki, həmin serialların qəhrəmanları həm də çox populyar olurlar. Yəni onlar, danışılır və müzakirə olunurlar. Təbii ki, yeniyetmələr də diqqət mərkəzində olmağı sevirlər. Onlar da istəyirlər ki, haqlarında danışılsın və lider olsunlar.  Ona görə də serialda gördükləri baş qəhrəmanın etdiklərini təkrarlamağa başlayırlar. Bir sözlər, diqqət mərkəzində olmaq üçün bu addımı atırlar".

Pərviz

0