Məhkəmə Qubad İbadoğlu ilə bağlı qərar verdi - YENİLƏNİB

ÖLKƏ
17:00 / 24.07.2023
1229

Nərimanov Rayon Məhkəməsində Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report” xəbər verir ki, hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə Q.İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan informasiya əsasında Azərbaycanda FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirilib. Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanmış və Q.İbadoğlu saxlanılıb.

09.45

Xəbər verdiyimiz kimi, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu saxlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, partiya sədri ilkin olaraq Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Hazırda iş üzrə müvafiq istintaq hərəkətləri həyata keçirilir. 

Q.İbadoğlunun gün ərzində məhkəməyə çıxarılacağı gözlənilir.

0