"Təbii balı saxta baldan ayıran bir neçə üsul var".
Bu sözləri HİT.az-a açıqlama verən sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova deyib.
O qeyd edib ki, bal çox faydalı qidadır:
"Tərkibinin zənginliyinə görə bir çox xəstəlikləri olan insanlar baldan həm müalicə vasitəsi, həm də faydalı qida kimi istifadə edə bilərlər. Lakin şəkər tozundan süni şəkildə hazırlanmış bal şəkər xəstələrinə, hipertoniyadan əziyyət çəkən insanlara ümumiyyətlə olmaz. Çünki onlar şəkər tozundan hazırlandığı və şərbətlə qarışdırıldığı üçün həddindən artıq şirin olur. O, qanda şəkər səviyyəsini yüksəlməsinə, şəkərli diabet xəstələrinin komaya düşməsinə və hətta ani ölümlərinə belə səbəb ola bilər".
Mütəxəssis saxta balı necə tanıya biləcəyimizdən də bəhs edib:
"Təbii balı seçmək üçün onu suda az miqdarda həll edib işıqda baxmaq lazımdır. Əgər təbii baldırsa, suyun içində həll olunur və arı pətəyinin şanına bənzər simmetrik fiqurlar yaranır. Bunlar təbii balın göstəriciləri hesab olunur. Ancaq saxta bal suda tamamilə həll olunur və heç bir forma görünmür. Həmçinin, saxta balı qaşıqla götürdükdə qırıq-qırıq olaraq parçalara ayrılır. Təbii bal isə uzun şəkildə qırılmadan süzülür. Bununla yanaşı, təbii balı yedikdən sonra ağızda xoşa gələn, bir az da acı dad hiss olunur. Lakin saxta balda ağızda kəskin şirin dad qalır. Bu isə boğazı yandırır və susuzluq yaradır. Eyni zamanda, təbii balın qoxusu burunda qıcıqlanma yaratmır. Ancaq saxta balın qoxusu burunda qıcıqlanmaya və allergik reaksiyalara səbəb olur".
Məhsəti Hüseynova əlavə edib ki, bir qaşıq balı qaynar suda həll edəndə təbiidirsə, gec həll olur, saxtadırsa, tez suya qarışır:
"Təbii bal suya bir az bulanıqlıq verdiyi halda, saxta bal şəffaf şəkildə əriyir. Saxta bal şəkərdən hazırlandığı üçün onu tökdükdə sanki havada toz kimi qırıntılar olur. Təbii balda isə bunlar baş vermir.
Biz bunları yoxlasaq da, ən doğru nəticələr mütləq şəkildə labaratoriya analizlərində bilinir. Ona görə də onlara etibar etmək lazımdır. Əks halda, mənşəli bəlli olmayan yerdən alınan saxta ballar insan sağlamlığı üçün çox böyük təhlükələr törədə bilər".
Pərviz