“Atam Əziz kişi Bakıda “Vaqif” pyesinə baxandan sonra mənim də adımı Vaqif qoyub. Azərbaycanda Vaqiflər çoxdu. Bu adlar hamısı “Vaqif” pyesi ilə əlaqədardır”
Bunu Moderator.az-a açıqlamasında tanınmış ədəbi tənqidçi Vaqif Yusifli deyib. V.Yusifli Səməd Vurğunun anım günündə onun yaradıcılığından söz açıb:
“Səməd Vurğun mənim üçün uşaqlıq illərindən bu günə qədər Azərbaycanın ən böyük şairlərindən biridir. Yəni uşaq dil açanda “Azərbaycan” şeirini öyrənir və bu mənada 1955-ci ildə birinci sinifə daxil olmuşam və o vaxta qədər mənə də həmin şeiri öyrədirdilər. Elə oldu ki, orta və ali məktəbdə və sonrakı illərdə S.Vurğunun poeziyasını, pyeslərini, ədəbi-tənqidi məqalələrini dönə-dönə oxudum. Atam Əziz kişi Bakıda “Vaqif” pyesinə baxandan sonra mənim də adımı Vaqif qoyub. Azərbaycanda Vaqiflər çoxdu. Bu adlar hamısı “Vaqif” pyesi ilə əlaqədardır. S.Vurğun “Vaqif”i Azərbaycan ədəbiyyatı üçün yenidən kəşf etdi. Yeganə pyesdir ki, iki min dəfəyə qədər onun tamaşası qoyulub. S.Vurğun deyəndə ilk olaraq Azərbaycan yada düşür. O, təkcə “Azərbaycan” şeirinə görə yox, ölkənin tarixi keçmişi, yaşadığı illər, insan həyatı, təbiətin gözəllikləri və ümumiyyətlə, Azərbaycanı dünyada tanıdan şairlərdən biridir. Onun şeirləri hətta Amerikada da çap olunub.
S.Vurğun keçmiş SSRİ məkanında da tanınan şair idi. SSRİ yazıçılarının ikinci qurultayında sovet poeziyası haqqında məruzəni məhz S.Vurğuna tapşırmışdılar. O, bir də onunla mənim gözümdə böyük şairdir ki, onun iki övladı Vaqif və Yusif Səmədoğlu atalarının adını ədəbiyyatda ucaltdılar. S.Vurğunu həmişə sevmişəm və bundan sonra da sevəcəyəm. Onun şeirlərini övladlarıma da əzbərlətdirirəm. Bu gün 27-si may çox çətin gündür, S.Vurğunun vəfatı günüdür və mən onda uşaq idim. Onun da həyatında təzadlı, mürəkkəb məqamlar olub. Onu incidiblər, təzyiq ediblər, saçının vaxtından tez ağarması, xəstəliyə tutulması da bununla əlaqəli idi. Çünki böyük şairin ətrafında həmişə müsibət olur”.