Ölkənin ən iri şəhər tipli qəsəbələrindən olan Masallının Boradigah kəndində işıq problemi yaşanır.
Hit.az-ın məlumatına görə, problem o həddə çatıb ki, qəsəbə sakinləri Prezident İlham Əliyevə və “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədova müraciət etmək məcburiyyətində qalıblar.
Onların müraciətinin bir surəti də redaksiyamıza daxil olub. Sakinlər yazır:
“Təəssüf ki, ölkənin ən böyük şəhər tipli qəsəbələrindən biri olan Masallının Boradigah qəsəbəsində tamam fərqli və dəhşətli bir mənzərə mövcuddur. Bu qəsəbənin 10 mindən artıq sakini var. İki məktəb, xəstəxana, poliklinika, polis bölməsi və digər dövlət qurumları fəaliyyət göstərir.
Son illər qəsəbənin enerji təminatı sahəsində görülən tək əsaslı iş sayğacların kütləvi dəyişdirilməsidir. Qəsəbədə mövcud olan işıq dirəklərinin və transformatorların əksəriyyəti istismar müddətini bitirib və bərbad vəziyyətdədir. Transformatoların istisnasız olaraq heç biri mühafizə zolağına alınmayıb. Bu isə əsl təhlükə mənbəyidir. Onların yağla təminatı bərbad vəziyyətdədir. Nisbətən normal durumda olanların yüklənməsi çox olduğundan əksər məhəllələrə verilən gərginlik normalda 220-230 V olmalı halda 190-195-dən çox olmur.
Məişət texnikalarının az gərginlik verilməsi və qısa qapanma səbəbindən sıradan çıxması adi haldır. Əksər evlərdə kondisionerlər və məişət texnikaları əlavə stabilizatorlar hesabına çalışır.
Hazırda qəsəbə əhalisinin xeylisi bəlli səbəblərdən Bakıda və ölkədən kənarda yaşayır, yəni işıqdan istifadə etmir. Bu isə o deməkdir ki, tam yüklənmə olarsa, vəziyyətin bəhs etdiyimizdən də daha acınacaqlı olduğu ortaya çıxacaq. Problem yaradan ən böyük səbəblərdən biri də Tüklə kəndindəki yarım stansiyadan Boradigaha gələn bir neçə kilometrlik məsafədəki əsas elektrik naqillərinin və dirəklərin bərbad olmasıdır. Bu səbəbdən güclü olmayan bir külək xətlərdə qırılmalara, saatlarla işıq kəsilməsinə səbəb olur. Texniki qüsurlar səbəbindən əksər hallarda kiçik bir ərazidəki təmir səbəbindən bütün qəsəbədə işıq keçirilir. Böyük bir qəsəbəyə operativ nəzarət olduqca zəifdir. Əksər hallarda kiçik bir problemdən ötrü əhali saatlarla ora-bura zəng etmək məcburiyyətində qalırlar. Hörmətli prezident, hörmətli Vüqar müəllim Sizdən xahiş edirlk, bu problemi şəxsi nəzarətinizə götürüb problemin həlli ilə bağlı operativ göstəriş verəsiniz”.
Anar