Xəbər verdiyimiz kimi, Azərbaycanda havanın temperaturu kəskin aşağı düşəcək.
Hətta ölkəmizdəki hava şəraiti ilə bağlı xəbərdarlıq da edilib. Milli Hidrometerologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında avqustun 25-i səhərdən 26-sı səhərədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var. Şimal-şərq küləyinin də arabir 15-18 m/s-dək güclənəcəyi qeyd olunub.
Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enərək, maksimal temperatur 27-30° isti olacaq. Həmçinin, rayonlarda da havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.
Bununla da artıq dəhşətli istilərin arxada qaldığını, sentyabra doğru havanın temperaturunun aşağı düşəcəyini proqnozlaşdırmaq olar?
“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli HİT.az-a açıqlamasında bildirib ki, Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlığa normal yanaşmaq lazımdır:
"Ölkəmizdə havaların ən isti olduğu ay hər zaman iyul ayı və avqust ayının ikinci ongünlüyünə qədər olan dövrdür. Bu, demək olar ki, hər il cüzi gün sürüşmələri ilə təkrarlanmaqdadır. Bundan sonra isə tədricən hava hərarətinin azalmasına şahidlik edəcəyik. Artıq gecələri daha sərin havalarla müşahidə olunacaq".
Lakin o, bunun bir neçə gün sonra havaların daha da soyuyacağını söyləməyə əsas vermədiyini diqqətə çatdırıb:
"Əksinə, isti havalar qışa doğru payızı hiss elətdirərək davam edəcəkdir. Ümumiyyətlə, insanlarımız sağlam yaşam tərzini hər zaman qorumalı, verilən hər hansı hava dəyişikliyi proqnozundan tədirgin olmamalıdırlar".
Pərviz