İxtisas seçimində nələrə önəm verilməlidir?

ÖLKƏ
17:46 / 26.08.2023
664

2023-cü il üzrə ali təhsil müəssisələrinə qəbul üçün ixtisas seçimləri 16 avqustdan etibarən başlayıb. Hələ də davam edən ixtisas seçimləri avqustun 28-i sonlanacaq. 

Təhsil sahəsindəki mövcüd inkişaf durumu nəinki qərarların vaxtında qəbul edilməsi, həm də gələcək inkişafın müəyyən dərəcədə proqnozlaşdırılmasını tələb edir. Bu səbəbdən də düzgün ixtisas seçməliyik ki, gələcəkdə seçimimizdən  peşman olmayaq. Bəs ixtisas seçimləri zamanı nələrə diqqət etmək lazımdır, gələcəkyönümlü ixtisaslar hansılardır?

"İxtisas seçimi kənardan göründüyü kimi asan deyil."

Bu haqda Bizim.Media-ya olan açıqlamasında təhsil eksperti Adil Vəliyev danışıb.

"İxtisas seçimində əsas diqqət edəcəyimiz məqamlar statistika jurnalı, plan yerləri və əvvəlki illərin keçid ballarıdır. Hətta yalnız keçən ilki deyil, 2 il əvvəlki keçid ballarına da baxmaq lazımdır ki, müqayisə edərək bu ilki vəziyyəti analiz edib, düzgün  ixtisas seçimi edə bilək." 

Həmçinin ekspert bildirib ki, önümüzdəki illərdə humanitar ixtisaslar öz önəmini itirə bilər: 

"Çünki müasir dövrə diqqət yetirəndə görürük ki, artıq abituriyentlər fərqli istiqamətdə düşünürlər. Onlar düşünür ki, elə bir ixtisas seçmək lazımdır ki, bu ixtisasda hər zaman yenilənmə olsun. Bundan başqa onlar daha çox məvacib qazanmaq istəyirlər ki, bunun üçün də yeni ixtisaslar tələb olunur. Bu yenilikləri isə əsasən mühəndislik, tibb, iqtisadiyyat sahəsinə aid olan ixtisaslarda görə bilirik".

Ekspert yeniliklərə ehtiyac duyulan sahələrdən də bəhs edib:

"Bəzi sahələr önümüzdəki illərdə öz önəmini itirə bilər. Analitik sahə, süni intellektlə bağlı olan ixtisaslara ehtiyac ola bilər. Ümumiliyyətlə informasiya texnologiyaları kimi ixtisaslara gələcəkdə hər zaman ehtiyac olacaq. Bunlardan başqa iqtisadiyyat sahəsində də ixtisaslara yeniliklər edilməlidir. Əgər maliyyə, mühasibat kimi ixtisaslarda yenilənmə olmasa gələcək illərdə bu ixtisaslar öz önəmini itirəcək. Çünki hər kəs özü üçün mühasib funksiyasını yerinə yetirəcək."

0