Nazirliyin keçmiş vəzifəli şəxslərinin məhkəməsi başladı

ÖLKƏ
10:05 / 30.08.2023
265

Gəncə Apellyasiya Məhkəməsində mənimsəmədə və digər əməllərdə təqsirləndirilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 saylı Ərazi Məşğulluq Mərkəzinin sabiq rəhbəri Ağayev Azər Vəkil oğlu və mərkəzin keçmiş baş mühasibi Mustafayev Rauf Abış oğlunun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası sentyabrın 14-nə təyin edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq müdir Cinayət Məcəlləsinin 314-cü (Səhlənkarlıq) maddəsi ilə təqsirli bilinib. Lakin məsuliyyətə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməyib və cinayət məsuliyyətindən azad edilib. 18 saylı Ərazi Məşğulluq Mərkəzinin keçmiş baş mühasibi Rauf Mustafayev isə Cinayət Məcəlləsinin 308 və 179.3.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda mənimsəmə) maddələri ilə təqsirli bilinib. Ona 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib və məhkəmə zalındaca həbs edilib.

Qeyd edək ki, araşdırmalar zamanı baş mühasibin elektron sistemə saxta məlumatar daxil etməklə 90 min manata yaxın pul mənimsəməsi müəyyən edilib. Məhkəmədə təqsirləndirilən şəxslərə qarşı mülki iddia da təmin edilib və dövlətə dəymiş ziyanın onlardan tutulmasına qərar verilib.

Onu da əlavə edək ki, hər iki şəxs 2020-ci ildə rəhbər vəzifəyə təyin edilib. 2021-ci ildə isə onların əməlləri üzə çıxıb və işdən çıxarılıblar.

0