Aktyor Tahir İsmayılov baş həkimdən narazıdır - ŞİKAYƏT

ÖLKƏ
16:50 / 30.08.2023
643

Gənc Tamaşaçılar Teatrının aktyoru Tahir İsmayılov (Qəlbinur) Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Allahverdiyevdən şikayətçidir.

Aktyor Hit.az-a açıqlamasında xəstəxanın baş həkiminin vətəndaşlara etinasız yanaşdığını, onları qəbul etməkdən boyun qaçırdığını iddia edib.

Onun sözlərinə görə, xəstəxanada istənilən saatda iş saatına yekun vurulur, gələn vətəndaşlar qəbul edilmir:

"Ötən gün 15:20-də övladımla birgə Abşeron Rayon Mərkəzi Xəstəxanasına övladımla birgə getmişik ki, forma 86 alaq. Məlumat məntəqəsinə arayış almaq üçün yaxınlaşdım. Aparata nəzarət edən şəxs dedi ki, iş saatı bitib. Bildirdim ki, TƏBİB-in elanlarında iş saatı 16:00-da bitir. Dedi, burada belədir. Dedim, yaxşı. Mən baş həkimi görmək istəyirəm, necə görə bilərəm? Dedi ki, polisə yaxınlaşın. Polis, sağ olsun, necə lazımdır, köməklik etdi. Yuxarıya bildirdi ki, vətəndaş baş həkimi görmək istəyir. Bundan sonra bir-bir qoçuları düşməyə başladı. Xəstəxananın 10-a yaxın fərqli şöbələrinin işçiləri bir-bir yaxınlaşdılar. Deyirlər, onu görmək olmaz. Deyirəm, niyə? Əstağfurullah, Allahdır, imamdır, peyğəmbərdir? Bunu ora təyin ediblər ki, vətəndaşları qəbul etsin. Müqəvvadır? 40 dəqiqə orada müzakirə getdi, 10 qoçusu icazə vermədi ki, baş həkimi görüm. Mənə maraqlıdır, bu adam orada niyə oturub, vəzifəsi nədir? Mənim onu şikayətim üzrə görmək vətəndaş haqqımdır. Niyə qəbul etmir? Orada yüzlərlə vətəndaş var ki, heç birini qəbul etmir, heç kimə saymır. Xəstəxananın baş həkimi deyir ki, mətbuat çəkilişə  gəlsə, deyəcəm ki, qazi evindəyəm, şəhid evindəyəm".

Onun sözlərinə görə, xəstəxanada özbaşınalıq son həddədir:

"Hər şöbənin baş həkimi orada özləri üçün bir ölkə başçısıdır. Özləri üçün dövlət qurublar, neçədə istəyirlər, o saatda da xəstəni qəbul edirlər. Ağır xəstə gəlir, ikiqat qalır. Növbə düzülür. Baxırsan ki, həkim çay içir. Amma hər şeyin də yeri, vaxtı var. Sənin iş saatındır və üstəlik, 09:00-dan 15:30-a qədər özünüz üçün iş saatı seçmisiniz. Saat 13:00-dan 14:00-a qədər də nahar saatıdır. Deməli, bunlar 5 saat ərzində xəstə qəbul etməlidirlər. Özləri istədiyi kimi, "istirahət saatımdır" deyib qapını bağlayıb içəridə oturur. Heç kim heç kimin ərizəsinin üstünü oxumur".

İddialara cavab almaq üçün xəstəxanayla əlaqə saxladıq. Fəqət qarşı tərəf zənglərimizi cavabsız qoydu.

Qarşı tərəfin cavabını dərc etməyə hazırıq. 

Aynur Əli

0