Tibbi ekspert: "Azərbaycanda xəstələr arasında E.G5 virusu var"

ÖLKƏ
17:05 / 31.08.2023
476

ABŞ Prezidenti Co Bayden ötən günlərdə vətəndaşlarını koronavirusun yeni ştammına qarşı peyvənd vurdurmağı məsləhət gördü. Həmçinin, ÜST-ün ölkəmizdəki nümayəndəsi Hande Harmancı E.G5 virusunun Azərbaycana da gələ biləcəyini açıqladı. Son zamanlarda bir çox xəstələnən insanın da məhz bu virusa yoluxduğu iddia olunur. 

Bütün bunların fonunda qarşıdakı aylarda Azərbaycanda yenidən karantin qaydaları tətbiq oluna bilər? Hansı məhdudiyyətlər gündəmə gələ bilər?

Hit.az-a açıqlamasında tibb sahəsi üzrə ekspert Rasif Bağırov bildirib ki, ölkəmizdə bu xəstəlik artıq yayılıb: 

"Praktikada E.G5 virusuna yoluxan xəstələrlə rastlaşırıq. Xəstələr qrip şikayəti ilə müraciət edir, amma xəstəliyin başqa əlamətlərlə də müşahidə olunduğunu görürük. Deməli, bu, yeni bir virusdur. Bu xəstəliyin klinik əlamətləri tamamilə fərqlidir. Xəstə müalicə olunduqdan sonra  elə bilir ki, sağalıb, amma xəstəlik 3-4 ay onun orqanizmində gedə bilir. Lakin xəstə özünü sağlam hesab edir. Zaman keçdikcə fəsadlar böyüyür. Belə xəstələr bizə çox gəlir. Ona görə də bizim ölkədə bu xəstəliyin olub-olmaması tədqiqata bağlıdır. Tədqiqat aparsalar, həmin virusu ölkəmizdə aşkarlaya bilərlər". 

O bildirib ki, buna görə karantin qaydalarının sərtləşdirilməsi epidemioloji durumdan asılıdır:

"Əslində, bizim ölkədə karantin şəraiti davam edir. Karantin qaydalarının sərtləşdirilməsi məsələsi isə ölkədəki epidemioloji durumdan asılıdır. Əgər müalicəyə tabe olan bu xəstəlik çox yayılmazsa, o zaman sərt qaydalara da ehtiyac qalmaz".

Aynur Əli

0