Xaricdə təhsil alan daha 67 nəfərin diplomu tanınmayıb.
Belə ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 60, dövlət nümunəli olmayan diplom səbəbilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbi ilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Hər il tələbələr eyni problemlə rastlaşır. Bəs bunun həll yolu nədir?
Təhsil eksperti Kamran Əsədov Hit.az-a açıqlamasında bildirib ki, xaricdə təhsil almaq istəyən tələbələr bəzi nüanslara diqqət yetirməlidir:
"İlk növbədə həmin tələbələr universitetin xaricdən tələbə almamaq icazəsinin olub-olmadığını dəqiqləşdirməlidir. Bundan əlavə, şəxsin xaricdə təhsil aldığı ali məktəblə Azərbaycan Təhsil Nazirliyi arasında müqavilə olmalıdır. Müqavilə olmazsa, diplom təbii ki tanınmayacaq. Məsələn, ölkəmizdən çox sayda tələbə Dağıstan universitetlərinə yönəlir. Amma Dağıstan universitetləri ölkəmizdə tanınmır. Bu məsələlərə diqqət yetirilməlidir.
Digər məsələ budur ki, tələbələrin üz tutduğu universitetlərin fəaliyyət göstərdiyi ölkədə lisenziyasının olub-olmadığını da öyrənmək lazımdır. Çox zaman öz ölkəsində lisenziyası olmayan universitetlərdə təhsil almaq üçün yollananan tələbələrin də diplomu tanınmır. Bu səbəbdən bu amillərə diqqət yetirilsə, problemlər də aradan qalxar".
Aynur Əli