Ukraynanın Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
HİT.Az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Hər bir azərbaycanlı üçün son dərəcə önəmli olan bu gündə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi məsələsində Ukraynanın dəyişməz mövqeyini təsdiq etmək istərdim.
Bütün aktual məsələlər üzrə, ilk növbədə, dünya miqyasında koronavirus pandemiyasının aradan qaldırılması, eləcə də ikitərəfli əlaqələrin iqtisadi və humanitar ölçülərinin gücləndirilməsi məsələlərində Kiyev və Bakı arasında mövcud ənənəvi tərəfdaşlıq münasibətlərinə dəyər verirəm.
Əminəm ki, Ukrayna və Azərbaycan Respublikası arasındakı strateji tərəfdaşlıq gələcəkdə də qarşılıqlı hörmət və dəstək ruhunda inkişaf edəcəkdir.
Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və məsuliyyətli dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və rifah arzu edirəm".