Azərbaycanda koronavirusa yoluxma ötən illərlə müqayisədə 100 dəfə azalıb

ÖLKƏ
20:05 / 11.09.2023
436

Azərbaycanda koronavirusa yoluxanların sayı artıb. Belə ki, yeni açıqlanan rəqəmlərə görə, son 1 həftə ərzində (4-10 sentyabr) koronavirus infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınıb. COVID-19-a yoluxan 123 nəfər sağalıb.

İndiyədək ölkədə ümumilikdə 832 438 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 822 004 nəfər müalicə olunaraq sağalıb, hazırda 132 aktiv xəstə var. Bu günə qədər 10 302 nəfər vəfat edib.

Maraqlıdır, ötən illərin eyni dövründə rəqəmlər necə dəyişib?

Hit.az bununla bağlı araşdırma aparıb.

Təkcə ötən ilin 4 sentyabr tarixində Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 476  yoluxma faktı qeydə alınıb. Bununla da həmin tarixdə yoluxanların ümumilikdə sayı 815 523 nəfərə çatıb.

Ötən ilin 10 sentyabr tarixində isə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 274 yoluxma faktı qeydə alınıb. Bununla da həmin tarixə görə, 817 596 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Beləliklə, ötən ilin 4-10 sentyabr tarixləri arasında yoluxma sayı ümumilikdə 2 073 nəfər təşkil edib. Bu isə bu illə müqayisədə 16 dəfə çoxdur.

2021-ci ilin 4 sentyabr tarixində ölkəmizdə 3305 yoluxma faktı qeydə alınıb. Ümumilikdə həmkn dövrdə yoluxma sayı 439 562 nəfərə çatıb. Azərbaycanda 10 sentyabr 2021-ci il tarixində isə koronavirus (COVID-19) infeksiyasına 2 508 yeni yoluxma faktı qeydə alınıb. 
Həmin tarixdə ölkədə ümumilikdə 455 044 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Yəni, 2021-ci ilin 4-10 sentyabr tarixlərində virusa yoluxanların sayı ümumilikdə 15 482 olub. Bu da bu illi dövrlə müqayisədə 100 dəfədən artıqdır.

Aynur Əli

0