Güneyli fəal: "İranda daha böyük etirazlar baş verə bilər"

ÖLKƏ
19:50 / 14.09.2023
568

"İran xarici siyasətində olduğu kimi daxili siyasətində də "qan itirir". Yəni İran siyasi olaraq çox çətin bir dönəmə girib".

Bu sözləri Güney Azərbaycandan olan siyasi fəal Məhsa Mehdili HİT.az-a açıqlamasında deyib.

O bildirib ki, Tehran rejimi daxildəki problemləri həll etmək yerinə onları çoxaldır:

"Rəsmi Tehran içəridəki reallıqları qəbul etmək, problemləri həll etmək əvəzinə, təzyiqlə həqiqətləri gizlətməyə və susdurmağa çalışır. Ümumiyyətlə, İrandakı etirazlar ancaq demokratik məsələlərlə və sistemin diktator olması ilə əlaqəli deyil. Təbii ki, bunların hamısı önəmlidir, amma hazırda xalq həqiqətən yoxsulluq içərisindədir. İslam adı ilə gələn molla rejimi ən yüksək səviyyədə zənginlik içərisində yaşayır, amma xalq yoxsulluqla mübarizə aparır. 

Həmçinin, narkotikadan istifadə edənlərin də yaşı çox aşağı enib. Orada işsizlik, yoxsuzluq, ümidsizlik və qeyri-müəyyənlik pik həddədir. İranın bütün təbii sərvətləri isə sadəcə müəyyən bir qrupun inhisarındadır. Onlar da bunu hədəf seçdikləri ölkələrdə terror qruplarını dəstəkləmək üçün istifadə edirlər".

O qeyd edib ki, Tehran hakimiyyəti xalqla və onların problemləri ilə maraqlanmır:

"Hər cəmiyyətin bədəl ödəmək üçün bəlli bir zəif nöqtələri olur. İranda xüsusilə son etirazlarda çox böyük bədəllər ödəndi. İllərdir ki, İranın fərqli bölgələrində və ya Tehranda etirazlara şahidlik edirik. Son etirazlar 1979-cu ildəki İslam İnqilabı ilə müqayisə etsək, görərik ki, bənzərliklər çox idi.

Bildiyiniz kimi etirazçılara çox ağır cəzalar verildi. İnsanlar həbs olundu, edam edildi. Xüsusilə gənclər hökumət tərəfindən küçələrdə öldürüldülər. Ümumiyyətlə, İranda xalqa qarşı olan təzyiq və zülm tam başqa səviyyədədir. Hətta yaşamayanın bunu bilməsi mümkün deyil. Onlarla gənc formal məhkəmələr tərəfindən səbəbsiz yerə edam edildi. Yəni dövlətin əlilə qətl edildilər".

Məhsa Mehdili hesab edir ki, İranda daha güclü etiraz aksiyaları başlaya bilər:

"İrandakı etirazların tamamilə bitəcəyinə inanmıram. Rejim təzyiqlərlə etirazları susdurdu. Edamlar da çox qorxunc idi. Həmçinin, insanlar işdən qovulurdu, zindanlara atılırdı. Amma o kin və qəzəb cəmiyyət arasında daha da yayılır. Çünki molla rejimi həll yerinə, basqı ilə insanları susdurmağı seçdi. Bu xalqın Tehran dövlətinə olan qəzəbinin daha da dərinləşməsinə, yayılmasına və kinin böyüməsinə səbəb olacaq. 

Bəlkə də, çox böyük etirazlar görməyəcəyik. Amma İranda yaşayan xalqların heç bir problemi həll olmayıb və Tehran rejimi həll əvəzinə, xalqı asıb-kəsməyi seçib. Cəmiyyət bədəl ödədiyi üçün bir müddət yorğun ola bilər. Amma bir müddət sonra problemlər həll olunmadığı və təzyiqlər davam etdiyi üçün daha güclü etirazlar baş verə bilər. 

Lakin bunun nə zaman olacağı və şəraitin haçan formalaşacağı ilə bir az qeyri-müəyyənlik var. Buna rəğmən, Tehran dövlətinə qarşı kin, qəzəb və nifrət get-gedə dərinləşir. Çünki heç bir problem həll olunmur, sadəcə qəddarlıq yolu ilə etirazlar susdurulur".

Pərviz

0