"Eris" təhlükəsi: Ölkəmizdə indiyədək bu mutasiyalara rast gəlib

ÖLKƏ
18:04 / 20.09.2023
614

Son zamanlar koronavirusun yeni yayılan "Eris" variantı yeni yoluxmaların əsasını təşkil edir. Bir çox ölkələrdə artıq yoluxmaların yenidən sürətlə artımı müşahidə olunur. Bəzi ölkələr isə vətəndaşlara daha diqqətli olmaları barədə xəbərdarlıq edib.

Bu variantın ölkəmizdə yayıldığı bəzi tibbi ekspertlər tərəfindən deyilsə də, hələlik rəsmi olaraq belə halın olmadığı bildirilib.

Bəs ölkəmizdə indiyədək koronavirusun hansı variantları aşkar olunub? 

Hit.az bununla bağlı araşdırmasını təqdim edir:

Ölkəmizdə indiyədək koronavirusun yalnız 3 mutasiyaya uğrayan növünə rast gəlinib. Bunlar "Britaniya", "Delta" və "Omikron" ştammlarıdır.

Belə ki, aparılan araşdırmaların nəticəsində 14 iyul tarixində xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (Delta) variantı, 9-da B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub

10 yanvar 2022-ci il tarixində aparılan araşdırmaların növbəti mərhələsində ölkə xaricindən gələn şəxslərdən götürülən nümunələrdən 12-də SARS-CoV-2 21K "Omikron" variantı aşkarlanıb.

Bəs dünyada yayılıb Azərbaycanda yayılmayan koronavirus növləri hansılardır?

*Koronavirusun ən çox yayılan növü "Delta" olub. ÜST-ün məlunatına görə, bu ştamm 100-dən çox ölkədə yayılıb.

*Koronavirusun digər çox yayılan növü isə "Lambda"dır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə (ÜST) dünyanın 41 ölkəsində koronavirusun "Lambda" ştammına rast gəlinib.

*"Braziliya" ştammı dünyanın 37 ölkəsində yayılıb. Bu, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatında bildirilib.

Aynur Əli

0