Qənirə Paşayevanın səhhətində problem yarandığını eşidəndə çox sarsıldım. Düzü nə edəcəyimi, nə deyəcəyimi bilmədim. Əlimi Tanrıya açdım. Tezliklə sağalmasına dua etdim. Çünki hər bir cəmiyyətin sədaqətli, vicdanlı, prinsipləri olan insanlara mənəvi ehtiyacı vardır.
Qənirə xanımla ulusumun ruhunda yeri olan yaz günlərində, müsəlman aləminin ən şəfqətli ayı Ramazanda görüşmüşdüm. O zaman tam əmin oldum ki, "zərif cinsin nümayəndəsi" fikri türk ruhlu, İslam əqidəli xanımın isminin önündə necə cılız görünür. Çünki Qənirə xanım fəaliyyətinin (yaradıcı və inzibati) bütün dövrlərində əsl kişi təbiəti nümayiş etdirir. Bu dəyişməz xarakteri ən çox Vətənə, xalqa, peşəsinə olan sadiqliyində görünür.
Mərhum Zülfüqar Hüseynzadənin səhhətinin ən ağır dönəmində Qənirə Paşayevanın dəstəyini xatırladım. Onun xeyirxah əməllərini saymaqla azalmaz ki, əksinə, artar.
Qənirə Paşayevanın üç cildlik "Tarixə Adını Yazan Qadınlar" kitabının birinci cildinin ilk səhifəsində ulu öndər Heydər Əliyevin Azərbaycan qadınına ucalıq gətirən qiymətli kəlamı yer alır: "...Qadınlarla kişilərin bərabərliyinə gəldikdə, açıq demək lazımdır ki, qadınlar həmişə kişilərdən çox zəhmət çəkiblər..." Hər dəfə bu fikirləri sayğı, ehtiramla xatırlayanda gözlər önündə xeyirxahlıq missiyası, mədəniyyətimizin dünyada geniş təbliği, ölkənin ictimai-siyasi həyatındakı fəaliyyəti, dövlətçiliyimiz naminə gördüyü işlərilə Birinci vitse-prezident Mehriban xanım Əliyeva canlanır. Haqqında danışdığımız kitabın üçüncü cildində Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin bütün mərhələləri təfsilatlı şəkildə göstərilir.
Qənirə Paşayevanın müəllifi olduğu həmin kitab dünya tarixinə adını yazdıran qadınlardan bəhs etsə də, ancaq bu fundamental əsəri "qadınsız milli inkişaf ola bilməz" deyən Əhməd bəy Ağaoğlunun “İslam dünyasında
qadın” adlı kitabının əlavəsi kimi hesab etmək olar. Hər iki fikir adamı türkçü, turançıdır. Hər iki fikir adamının sözü, əməli, qayəsi bəşəridir.
Qənirə xanım yazılarında, çıxışlarında hər zaman dünyada yaşayan və hüquqları tapdalanan türklərə dəstək olur. Azərbaycan və Türkiyə münasibətlərinin inkişafında fədakarlığını əsirgəmir. Bu səbəbdən də halal-hümmət zəhmətilə qazandığı "Türk dünyasına xidmət" mükafatına layiq görüldü. Həmin tədbirdə mükafatı "...Azərbaycan adına alıram..." söyləməsi vətənsevərlik nümunəsi olaraq tarixə yazıldı.
Türk qadınının ehtişamı onun xanım-xatınlığından, mənəvi ucalığından, milli kimliyinə sadiqliyindən doğub. Xurşidbanu Natəvan, Şəfiqə Qaspıralı, Həmidə xanım Cavanşir, Sürəyya Ağaoğlu timsalında gördüyümüz Qənirə xanım, tezliklə sağalacağınıza ümidimiz sonsuzdur. Çünki bu ümiddə milyonların sevgisi, Tanrıya ucalan duası vardır.
Əsgər İsmayılov, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi