Qazi: "5-10 dəqiqə qabaq söhbət elədiyin adamın ət parçaları üstündə, saçında, başında olur..."

ÖLKƏ
14:33 / 27.09.2023
590

Bildiyiniz kimi, bu gün İkinci Qarabağ müharibəsinin başlamasında 3 il ötür.

Müharibədə iştirak edən və Zəfər tarixinə adını yazdıran igidlərimizdən biri də 
İbadzadə Samid Yaşar oğludur. Samid İbadzadə 11 avqust 1997-ci ildə Lənkəran rayonunda anadan olub. 2003-2014-cü illlərdə Bakı şəhəri Binəqədi rayonu Rüstəm Əliyev adına yerləşən 3 nömrəli məktəbdə təhsil alıb. 2013 -2017-ci illərdə Azərbaycan Memarlıq və İnşaat universiteti nəzdində İnşaat kollecini bitirib. 2019-cu ilin yanvarından 2020-ci ilin iyul ayınadək Naxçıvan Muxtar Respublikasında hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 21-i  Səfərbərlik ilə ordu sıralarına yenidən çağrılıb. 27 sentyabr  tarixində başlayan döyüşlərə yollanıb. O, cəbhənin Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə artileriya bölməsində  iştirak edib. 
Füzuli istiqamətində gedən döyüşlərdə hər iki ayağından qəlpə yarası alıb. Bir müddət xəstəxanada müalicə aldıqdan  sonra yenidən döyüşlərə qatılıb. Füzulinin,  Xocavəndin, Şuşanın azad olunmasına və "Cəsur Döyüşçü" Medalları ilə təltif olunub.

Hit.az-a danışan Samid həmin günləri belə xatırlayır:

"Döyüşdə ən çox yadımda qalan tarix yaralandığım tarixdir. Oktyabr ayının 25-i   səhər saatları idi. Hava təzə açılan vaxt olduğumuz mövqedən geri-öz bölüyümüz üçün təminat gətirməyə getmişdim. Normalda mən təminat üçün getmirdim. 2 saatdan bir yuxu vaxtımız var idi. Əsgər yoldaşım saat 4-də gəlib məni oyatdı və təminata mən gedəsi oldum. Getdiyim yerdə 2 nəfər zabit var idi. Biri ilə həmsöhbət olduq. Həmin zabit də Naxçıvanda xidmət etmişdi və ehtiyatda olan zabit idi. Mənə oğlunun şəklini telefonda göstərdi və dedi ki, sən mənim oğluma oxşayırsan. Bir az söhbət edəndən sonra onların yanından ayıldım və təminatı götürməyə getdim. Təminatı atəş mövqeyimizə aparacaqdım.  Orada da  yemək adam başı "payok"la olur. Oradan çıxırdım ki, gördüm sayı düz deyil. Çöndüm əsgərə dedim ki, bəs say düz deyil. Orada təxminən, 30-40 saniyə yubandım. Təzədən "payok"umuzu götürəndən sonra 3-4 addım təzə atmışdım ki, gördüm ki, qabağımıza nəsə düşdü. Qaraltı qalxdı  və qulağım elə bil ki, heçnə eşitmirdi, zingilti var  idi. 

Qarşıya baxıram, gözümə qaraltı qalxırdı. Özümə baxdım, gördüm ki, şalvarım qan içindədi. Ayaqlarımın hər ikisindən qəlpə yarası almışdım. Orada da elə bil zamanlama olur ki, adam bilmir neyləsin. Bilmirəm hara gedim, neyləyim.  Masallıdan olan əsgər yoldaşım Əsəd  mənə bu hissəni danışıb. Deməli, danışır ki, mən onun yanına getmişəm. Demişəm, Əsəd, bax, gör, üzümdə nəsə var? Alnıma da ət parçaları yapışıb. Əsəd deyəndə ki "alnında ət var", əlimi alnıma vurmuşam və əti görüb qışqırmışam.  Sonra Əsədin yanından çıxıb, yenə Əsədi axtarmışam. Yəni, adamın başı yerində olmur, bilmirsən, neyləyirsən. Əsədi çağıranda başqa bölüyün əsgərləri məni yanlarına çağırıb və orada da sığınacaq kimi yerə aparıblar. Məni divara söykəyiblər. Hərbi formada (kiteldə) köynəyin  əyində tarazlığını düz saxlamaq üçün iplər olur. Kitelimdən ipləri söküb ayağıma bağlayıblar. Yanımda bir nəfər həkim var idi, o da o məndən pis yaralanmışdı.  5-10 dəq keçəndən və saktlik düşəndən sonra bizi oradan təxliyə elədilər. Fuzulinin Mərkəzi xəstəxanasında yerlərin hamısı dolu olduğu üçün bizi ayrı-ayrı bölgələrdəki xəstəxanalara göndərirdilər. Mən də Oğuzda xəstəxanada müalicə aldım. 

Müalicə müddətində Oğuz camaatı  bizim qulluğumuzda elə dururdular ki... Çantalarla meyvələr, sular, yeməklər dayanmırdı. Hətta mən bir dəfə xəstəxanada bizə necə qulluq olunduğunu öz "facebok" hesabımda paylaşmışdım. Mənim də dostluğumda heç oğuzlu tanıdığım kimsə yox idi. Necə olmuşdusa, mənim o yazdığım status yayılmışdı və xəstəxanada həkimlər gəlib mənə təşəkkürlərini bildirirdilər ki, onların da rolun  qeyd eləmişəm. Oğuzdan məni Şəmkirə yoxlanışa göndərəndə artıq sağalmışdım. Oradan da çıxıb öz bölüyümün yanına getməli idim. Axşam oyandım, səhərə yaxın idi. Gördüm hamı kolidora yığılıb və televiziyada Cənab Prezident çıxış edir. Qələbə xəbəri verəndən sonra hamı sevinirdi.  Bir-birin qucalayan kim, şəhərdə bayram edən kim.  Həmin gecəni yatdıq və səhər oyandım ki, əsgər yoldaşımın  anası məni yığıb təbrik elədi. Oğlunu soruşdu, dedim, narahat olmayın, hər şey yaxşıdır, müharibə də qurtardı, inşAllah sağ-salamat evə gələcək. Amma onun oğlunun Şəhid olduğundan xəbərim yox idi.  Üstündən yarım saat keçmiş olardı ki, oğlununun Şəhid olduğunu öyrəndim. Həmin hadisələr heç vaxt yadımdan çıxmaz. Mənim yaralandığım yerdə yanımda 4 nəfər şəhid oldu. Onlardan biri də Şəhid olmamışdan 5-10 dəq qabaq həmin tanış olduğum zabit idi. Təsəvvür eləyin, 5-10 dəq qabaq normal söhbət elədiyin adamın 10 dəq sonra ət parçaları sənin  üstündə, saçında, başında olur. Belə günlər yaşadıq".

Aynur Əli

0