Deputat: "Qənirə xanım arzuladığı Xankəndinin işğaldan azad olunduğunu gördü"

ÖLKƏ
13:47 / 29.09.2023
498

Bildiyiniz kimi, ötən gün axşam saatlarında Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib. O, bu gün səhər saatlarında son mənzilə yola salınıb. Mərhum ll Fəxri xiyabanda torpağa tapşırılıb. Dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib.

Milli Məclisin deputatı Naqif Həmzəyev Hit.az-a açıqlamasında Qənirə Paşayevavın vəfatından kədərini ifadə edib

"Bu gün hər birimiz üçün kədərli gündür və Qənirə xanımın vəfatı böyük itkidir. Qənirə xanım həqiqətən də Azərbaycanı, Azərbaycan xalqını, Türk dünyasını çox sevirdi. O bacardığı qədər faydalı olmağa çalışırdı, hər kəsə kömək edirdi, gecə-gündüz çalışırdı. Çox fərqli iş qrafiki var idi və hər dəfə görüşlərdə bizi təəccübləndirirdi. Dəfələrlə xarici səfərlərdə olmuşuq və o səfərlərdə də Qənirə xanımın necə işgüzar olmasının şahidi olmuşuq. Həmişə qəlbi Azərbaycanla döyünürdü, həmişə Qarabağı işğaldan azad edəcəyimizə inanırdı. Öz çıxışlarında bunu qeyd edirdi. Hər yerdə də Azərbaycanı layiqincə təmsil edirdi. Çox təəssüflər olsun ki, onu çox tez itirdik". 

N.Həmzəyev deyib ki, Azərbaycan gəncliyi ondan nümunə götürməlidir:

"Hələ Qənirə xanım çox böyük işlər görə bilərdi, görmək istəyirdi, enerjisi çox idi. Təəssüflər olsun ki, onun da taleyi belə oldu. Əsas odur ki, arzuladığı Xankəndinin də işğaldan azad olunduğunu gördü. Ən azından, heç olmasa, indi rahatdır. Ruhu şad olsun! Ailəsinə, yaxınlarına Allahdan səbr diləyirəm. Nə qədər ki Qənirə xanımı sevənlər var, həmişə qəlbimizdə yaşayacaq. Qənirə xanımın xatirəsini yad edəcəyik, həmişə onu yaşadacağıq. Mən inanıram ki, Qənirə xanım kimi qəhrəman Azərbaycan xanımları yetişəcək və Qənirə xanım da nümunə kimi göstəriləcək. Allah rəhmət eləsin!"

Aynur Əli

0