Xankəndidəki qalmaqallı abidə: Müəllifi kimdir, necə tikilib?

ÖLKƏ
22:38 / 01.10.2023
2786
Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatının sədri Faiq İsmayılov Teleqraf.com-un suallarını cavablandırıb.
 
Onunla müsahibəni təqdim edirik.
 
- Faiq bəy, Xankəndi şəhərində yerləşən "Biz və bizim dağlarımız”, yaxud "Nənə-baba” adıyla tanınan abidə ilə bağlı sosial şəbəkələrdə aktiv müzakirələr gedir. Bu abidə barədə bizə ətraflı məlumat verməyinizi istəyirik.
 
- Ermənicə "Tatik- patik” abidəsi sovet dövründə qoyulub.
 
Sosial şəbəkələrdəki müzakirələri mən də izləyirəm. İnsanları qınamalı deyil. Onlar bu abidəni Azərbaycanın mədəni irsi hesab edir və bizə məxsusluğunu iddia eləyərək müxtəlif fikirlər səsləndirirlər.
 
Əslində məsələ bundan ibarətdir ki, abidəni orda ucaldanda bir məqsəd olub: ermənilərin Qarabağda nə qədər qədim xalq olduqlarını nümayiş etdirmək və bu fikri təbliğ eləmək. Adına da fikir verməsiniz, "Nənə-baba" erməni dilində olub, ikinci bir tərəfdən abidə Xankəndi şəhərində qoyulub.
 
Ümumilikdə tarixi faktlara nəzər yetirəndə görürük ki, Xankəndi şəhərində ermənilərin mövcudluğu 1920-ci ildən sonra başlayıb. Yəni o dövrə qədər Xankəndidə ermənilər yaşamayıb.
 
Ümumiyyətlə, Xankəndinin özü, sizə də məlumdur ki, Qarabağ xanlığının ailəsinin istirahət mərkəzi olub. Ona görə də bura el arasında "Xanın kəndi” - Xankəndi kimi tanınırdı. İlk illər burada xanlığın ailələri yaşayıb. Daha sonra bura qulluqçular, sənətkarlar, tacirlər köçərək miqyasını böyüdüblər və inzibati yaşayış mərkəzinə çevrilib.
 
Bu inzibati yaşayış mərkəzində on beş əsas, on iki yardımçı bina tikilmiş, əlavə məhəllələr salınmışdı. Şuşada 17 məhəllə, burda isə 37 məhəllə vardı. Həmin məhəllələrdə 80-ə yaxın tarix, mədəniyyət abidəsi, 15 məhəllə məscidi isə ermənilər tərəfindən geriliyin əlamət kimi sovet dövründə sökülüb yox edilmişdi. Eləcə də məhəllələrdəki bütün yaşayış yerləri söküldü. Yəni ermənilərin burada qədimdən mövcudluğu mümkünsüzdür.
 
İndi həmin abidənin orada qalması bizim tariximizin təhrif olunmasına gətirib çıxarıb. Yəni mən Faiq İsmayılov bir vətəndaş olaraq iddia edirəm və sübutlar göstərirəm ki, Xankəndi ərazisində, ümumiyyətlə 1920-ci ilə kimi erməni yaşamayıb. Amma bu abidə mənim dediyimi bir növ inkar edir. Çünki məhz abidə sübut etməyə çalışır ki, qədim erməni xalqı burada əsrlər boyu yaşayıb. Ona görə də mən mədəni irsin araşdırılması üzrə ekspert kimi deməliyəm ki, bu abidənin orda qalmasının qəti əleyhinəyəm.
 
- Abidənin müəllifi barədə müxtəlif təzadlı fikirlər mövcuddur. Onun müəllifi kimdir?
 
- Sarkis Baqdasaryandır, ermənidir.
 
- Müəllifləri arasında azərbaycanlı memar Şəfi Qarayevin də adının hallanması nə ilə bağlıdır?
 
- Bu barədə dəqiq məlumat verə bilməyəcəm. Gərək sənədlərlə tanışa olam. Amma güman edirəm ki, abidə hazırlananda azərbaycanlı memarlar da işə nəzarət ediblər. Buna görə Şəfi Qarayevin adı hallana bilər.
 
Azərbaycan SSR-nin büdcəsi ilə maliyyələşən abidə Azərbaycan SSR Nazirlər Sovetinin təsdiqi və göstərişi ilə tikilib. Buna Azərbaycan SSR-nin o dövrdəki məmurları icazə verib.
 
Abidə Qarabağda erməni simvolu kimi qəbul olunub. Həm 30 il işğal dövründə, həm də ondan öncəki illərdə ermənilər bu abidəni əzizləyiblər.
 
- Qarabağda erməniləri simvolizə edən abidələrin sayı barədə nə deyə bilərsiniz?
 
- Nə keçən əsrlərdə, nə ondan öncəki dövrlərdə Qarabağda ermənilərə məxsusluğu müəyyən olunan memarlıq abidəsi yoxdur.
 
30 ildir mən təcrübə, tədqiqat aparıram. 20-yə yaxın kitabım çap olunub. Əsərlərim ingilis, fransız, rus dillərində oxunur. Hər zaman da bu iddiadayam. Beynəlxalq təşkilatların tədbirlərində bunu ətraflı izah edirəm.
 
Ermənilər Şuşadakı kilsələrə sahib çıxmaq istəyirlər. O kilsələr ermənilərə aid deyil. Bunları Rusiya Azərbaycanı, Qarabağı işğal edəndən sonra əsgərlər üçün tikdiyi rus-provoslav kilsələridir. İkisi indi də qalır və bizim tərəfimizdən qorunur.
 
O kilsələrin ermənilərə aidiyyəti yoxdur. 70-80- ci illərdə orda ruslar çox az sayda qalmışdı. Fürsətdən istifadə edən ermənilər kilsələrə sahibləndilər, onları erməni kilsələri kimi təbliğ etməyə başladılar və biz də susduq.
 
Ermənilər sovet dönəmində Xankəndidə bir erməni kilsəsi tikdilər. İşğal dövründə isə Xankəndidə iki əlavə kilsə də tikdilər. Və 20-yə yaxın kilsəni işğal dövründə - Azərbaycanın etnik təmizləməyə məruz qoyduqları ərazilərdəki kənd və şəhərlərimizin xarabalıqlarının yerində inşa etdilər.
 
Onlardan ikisi Laçın ərazisindədir, biri Laçın şəhərindədir. Onu Laçında baş memar işləyən Qubad İbrahimov adlı bir nəfərin evinin yerində tikiblər. Digər kilsə isə Zabuxdadır.
 
Nə Laçında, nə Qubadlıda, nə Zəngilanda, nə Cəbrayılda erməni yaşamayıb, hətta sovet dövründə belə... Onların qoyub getdikləri erməni kilsələri uzun müddət başımızı ağrıdacaq. Mən həmin kilsələrin də qeyri-qanuni inşa olunduğuna görə sökülməsinin lehinəyəm. 1954-cü ildə qəbul olunmuş Haaqa konvensiyasına istinadən deməliyəm ki, bir dövlət başqa bir dövlətin ərazisini işğal edirsə, o ərazidə abidələrin sökülməsi, tikilməsi, bir yerdən başqa yerə köçürülməsi qəti qadağan olunub. Bu, beynəlxalq konvensiyalarda da qadağadandır.
 
İkinci tərəfdən istər Azərbaycan SSR dövründə, istərsə də indiki dövrdə orda hər hansı bir binanın tikilməsinə Azərbaycan hökuməti icazə verməlidir.
 
Fakt odur ki, Azərbaycan hökumətindən icazə alınmadan ermənilər 20 kilsə tikiblər. Və bu kilsələri, abidələri qədim erməni kilsə və abidələri kimi təqdim və təbliğ edirlər. Bizim onları sökməyimiz bu mənada çətinləşib. Çünki beynəlxalq qüvvələri nəzərə almaq lazımdır.
 
- Amma hər halda mümkünsüz də deyil. Bunun bir yolu varmı?
 
- Qeyri-qanunu tikintilər bütün sübutları ilə beynəlxalq məhkəmələrə təqdim olunmalıdır. Beynəlxalq məhkəmələrdən qərar alınmalı və ona uyğun addım atılmalıdır. Necə ki biz BMT-də dörd qətnaməni işğal dövründə əldə edə bilmişdik. 44 günlük müharibədə də həmin dörd qətnaməyə istinad etdik.
 
Bu kilsələrin və digər qeyri-qanunu tikintilərin sökülməsi üçün beynəlxalq instansiyalara müraciət etməliyik.
 
- İşğaldan azad olunmuş ərazilərdə neçə abidəmiz var?
 
- Mənim bildiyimə görə, 2645 mədəniyyət abidəsi var. Onun 1880 memarlıq, 749-u arxeoloji abidədir, 67-si momumental heykəltəraşlıq nümunəsidir.
 
- Abidələrin hazırkı vəziyyəti nə yerdədir?
 
- Çoxunun bünovrəsi qalır. 44 günlük müharibədən sonra işğaldan azad olunmuş ərazilərin hər yerində olmuşam. Buraxılmadığım ərazi sülhməramlıların nəzarəti altında idi. Amma şükürlər olsun ki, hazırda ora da getməyə imkan var.
 
0