Balaxanıda abadlıq işləri niyə dayandırılıb? - "Yağış suyu evə dolur..."

ÖLKƏ
15:03 / 05.10.2023
371

"Keçən il Sabunçu rayonu, Balaxanı qəsəbəsi Balasadıq Zeynallı küçəsində abadlıq işləri gedirdi.

Bakı Abadlıq Xidməti evimizin arxa tərəfini, suvağı qazıyıb yerə tökdü. Dedilər ki, buraları səliqəyə salırıq. Sonra da yalandan bir qapı qoydular və getdilər. O gedən gediblər. Düz 2 ildir müraciətlərimizə, şikayətimizə baxmırlar".

Bunu Hit.az-a açıqlamasında mənzil 31-də yaşayan şikayətçi Pərvanə xanım deyib. O bildirib ki, şikayətlərə də baxılmır:

"Hər tərəfi düzüb qoşublar, təkcə ortada bizim evimiz bərbad vəziyyətdə qalıb, digər vətəndaşların evini düzəldiblər. Heç kim də gəlib bizim evə baxmır. Adını da qoyublar ki qəzalıdır, amma heç nə də yoxdur. Biz heç nə istəmirik, gəlib heç olmasa tökdüklərini yığışdırsınlar. Yağış yağanda su evimizin içinə vurur. İndi də deyirlər ki, tikinti dayandırılıb. Bəs biz nə edək? Bir qapı qoyublar, dəqiqədə uşağın başına düşür, evimiz bərbad gündədir".

Bakı Abadlıq Xidmətindən Hit.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda işlər dayandırılıb:

"Hazırda işlərimiz dayandırılıb. Balaxanı böyük qəsəbədir. Orada nə qədər ev var. Biz çox sayda vətəndaşın müraciətini qəbul edirik. İşlərimizin davam etdiyi zamanda bu müraciətləri sıra ilə həll etmişik, abadlaşdırma işləri aparmışıq. Sadəcə indi işlər dayandırılıb, işlər yenidən başladıqdan sonra isə bütün şikayətlərə bir-bir yenidən baxılacaq. Hazırda Qarabağ üçün də çalışırıq".

Aynur Əli

0