Sosial media fəaliyyətlərinin ölçülməsi və analizi - Mütəxəssis yazır 

ÖLKƏ
18:04 / 05.10.2023
346

Sosial mediada əvvəlki mərhələlərdə müəyyən edilmiş məqsədlər istiqamətində marketinq  fəaliyyətinin uğurunu izləyə bilmək üçün təhlil lazımdır.Bəs burada uğur dedikdə nəzərdə tutulan nədir? Əsasən, uğura çatmaq üçün lazım olan alətlər və proseslər nələrdir? Buradakı əsas metriklər aşağıdakılardır:

• Sosial media 
• Fərqindəlik
• Satış ehtimalı yaratma
• Konvertasiya 

Sosial media platformasının quruluşudan asılı olaraq nəyi və necə izləyə biləcəyiniz fərqlilik təşkil etməkdədir. Demək olar ki, əksər sosial platformalarda daxili analiz sistemi var. Bəzi platformalarda isə (məsələn: Linkedin) çox geniş məlumat verilməməkdədir. Bu platformalar, sadəcə, biznes hesablarında ətraflı məlumat verir. 

Fərqindəlik yaratmaq üçün davamlı və hədəf kütlənin maraq dairəsinə uyğun məzmun yaradılması əsasdır. Onlarla interaktiv ünsiyyət üçün üsullar düşünülməlidir. İstehlakçı ilə dialoq qurmaq, onun xatirində qalmaq firma üçün əsas prinsiplərdəndir. Bu prinsipə riayət  etdikdə, səhifəni daha çox insan bəyənir, daha çox interaktivlik yaranır və daha çox insan  brenddən xəbərdar olur. 

Satış ehtimalı (Lead) yaratmaq və e-mail marketinqi üçün bir neçə üsul mövcuddur. Xüsusilə, e-mailləri izləmək üçün Mailchimp proqramı mövcuddur. Bundan başqa sosial mediada da müvafiq reklamları hədəf kütlənin qarşısına çıxararaq, onlara qeydiyyat formaları doldurtmaq mümkündür. Hətta, müştərilərin müəyyən satış tunelinin mərhələləri üzrə hərəkətini diqqətə alaraq, fərqli mərhələlərdə fərqli posterlər təqdim etmək mümkündür. Bu fəaliyyətlər nəticəsində potensial satış yaratma ehtimalı mövcud olur. Konvertasiya səhifəyə daxil olan, izləyən və satış ehtimalı formalaşmış potensial müştərilərin real satışa çevrilməsi prosesidir. Lakin konvertasiya dedikdə sadəcə satışa çevrilməni düşünmək yanlış olar. Əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə çatmaq konvertasiyadır. Bu hədəflərə, bəyənmə, rəy, paylaşım, traffik və.s daxildir. 

Keyfiyyət analizi 

Keyfiyyət analizi rəqəmsal bir nəticədən daha çox əlamətlər və xüsusiyyətlərlə bağlı nəticələrin əldə olunduğu təhlil formasıdır. Keyfiyyət analizinin müəyyən formaları mövcuddur:

• Müştəri rəyi - əsas üsullardan biri müştərilərlə danışmaq və onlardan soruşmaqdır. Bunu müxtəlif keyfiyyət analizi texnikaları ilə etmək mümkündür. Bu tədqiqatlarda əldə olunan rəylərin cəmi bir fikri ifadə etməkdədir. 

• Hədəf kütlə rəyi – ümumiyyətlə rəqəmsal platformada hədəf kütlənin sizi izlədiyini nəzərə alaraq onlara özlərini ifadə etmək üçün imkan yaratmaq lazımdır. İmkan vermək lazımdır ki, istehlakçılar şərhlərdə fikirlərini bildirsinlər. Bu şərhlər özünüzü təkmilləşdirmək üçün çox əhəmiyyətlidir. Eyni zamanda gələn şərhlər sayəsində səhifənizi izləməyən insanlar da sizdən xəbərdar olmaqdadır. 

• Etiketlənmə/Haqqında danışılması – sosial mediada təkcə sizin səhifə və ya profildə haqqınızda danışılmaya bilər. Bəzən insanlar xidmətdən şikayətlərini və təkliflərini müxtəlif qruplarda, hətta öz profillərində də paylaşa bilərlər. Bu paylaşımların rəylərinə gələn reaksiyalar və fikirlər də müştərilərin məhsula yanaşması haqqında sizə müəyyən məlumatlar verməkdədir. Bu tərz şikayətlərdə operativ olmaq firmanın imicinə müsbət təsir göstərməkdədir. 

• Dəyərləndirmələr (review): brendlər sosial şəbəkələrdə, firmalar saytlarda müxtəlif formalarda dəyərləndirmələr toplamağa çalışırlar. Bəzən bu dəyərləndirmələr 10 ballıq şkala üzərindən, bəzən isə 5 ulduz formasında olur. Həmçinin, qiymət verdikdən sonra insanlar əlavə dəyərləndirmələr də yazırlar. Bu, firmaların məhsullarını təkmilləşdirmək üçün əlavə fürsət olmaqla yanaşı, məhsulu istifadə etmək istəyən sonrakı müştərilər üçün də müsbət rəylər stimul olur. 

Kəmiyyət analizi 

Kəmiyyət analizi üçün nəyi axtardığını daha dəqiq bilmək lazımdır. Bunun üçün isə məqsədləri düzgün müəyyənləşdirmək vacibdir. Kəmiyyət analizini dəyərləndirmələr müxtəlif sosial şəbəkə platformalarında müxtəlif olmaqdadır. Lakin, ümumi başlıqlar altında qruplaşdırmaq da mümkündür. Hər sosial şəbəkənin özünəməxsus performans göstəriciləri olduğu üçün, məqsədlər də gərək bu göstəricilərə uyğun müəyyənləşdirilsin. Bu meyarları yaxından təqib etmək üçün müəyyən post planlama və performans izləmə proqramları da mövcuddur. 

"Facebook" performans göstəriciləri

"Facebook" dünyada və ölkəmizdə ən çox istifadə olunan platforma olduğundan firmalar üçün əsas diqqət mərkəzinin yönəldiyi platformadır. "Facebook" haqqında bundan əvvəlki başlıqlarda danışıldığından burada, platformalarda fəaliyyətin əsas performans göstəriciləri haqqında məlumat veriləcəkdir. Səhifədə paylaşılan istənilən paylaşım ümumi olaraq bu başlıqlar altında dəyərləndirilir: 

Bəyənmə (Like): səhifənizə və paylaşımınıza gələn reaksiyadır. Səhifənizi bəyənən insan sizi izlədiyini ictimaiyyətə bildirmiş olur. Səhifələrdə artıq təkcə bəyənmə yox müxtəlif reaksiyalara dair düymələr var. Bunlar həm də hədəf kütlənin hər hansı paylaşımla bağlı fikrini öyrənməyə imkan yaradır.

Şərhlər (Comments): səhifə izləyicilərinin paylaşılan postlara münasibət bildirmək və öz fikirlərini yazmaq imkanları vardır. Bu imkanlar həm interaktivliyi təmin edərkən, həm də hədəf kütlənin reaksiyasını elə yerindəcə öyrənməyə şərait yaradır.

Share (Paylaşım): səhifədə olan bəzi paylaşımlar insanların xoşuna gəldikdə onlar bu paylaşımları öz profillərində, informal qruplarında, mesaj qutularında və hətta digər platformalarda da paylaşırlar. Bu paylaşımların hamısı paylaşımın daha çox yayılmasını 
təmin etməklə yanaşı, brendin bilinirliyini də artırır. 

Əlaqələndirmə (Engagement): müştərinin paylaşım ilə olan təması, ünsiyyətidir. Əsasən, bəyənmə, şərh və paylaşımların məcmusudur. Bu sayları artırmaq üçün dialoq əsaslı 
interaktiv ünsiyyət qurulması şərtdir. 

Çatma (Reach): səhifədə edilən paylaşımın nə qədər insan tərəfindən görüldüyüdür. Postun ödənişli olub olmaması, gələn bəyənmə, rəy, paylaşım müsbət təsir edərkən, postun lentada gizlənməsi, izləməkdən çıxarılması və ya şikayət edilməsi isə çatma statistikasına neqativ təsir edir. 

Video: bir videonun həm çatma statistikası, həm izlənmmə sayı, həm də ortalama izlənmə müddəti onun performansını dəyərləndirmək üçün əsas göstəricilər arasındadır. Burada əsasən 3 saniyədə tərk edilmə, ən yaxşı diqqət çəkən videoların sıralamasını görmək mümkündür. 

Tədbir (Event): tədbirlərdə ümumi dəvət sayı, tədbirə qatılmaq istəyənlər və qatılmağı düşünənlər göstəricilərdir. Tədbirlər də brendin reputasiyasına müsbət təsir etməkdədir. Həmçinin, tədbirlər panelindən müəyyən zaman aralığındakı tədbirlərin fəaliyyət hesabatını görmək mümkündür. 

Hekayələr (Story): Snapchat platformasının sosial mediaya daxil etdiyi və demək olar ki, bütün Facebook şirkətlərinin tətbiqlərində olan və artıq digər sosial medialarda da ənənə halını alan xüsusiyyətdir. 24 saatlıq ömrü olan hekayələrin əsas göstəriciləri bu müddət ərzində postun nə qədər insana çatması, nə qədər insan tərəfindən interaktiv təmas yaradılmasıdır.

Qruplar: adətən firmanın əsas səhifəsi ilə onun istifadəçilərinin və heyranlarının formalaşdırdığı, yaxud əlaqədar sahəyə dair qruplar bir-birinə bağlanılır. Burada yenə birbaşa hədəf kütlə haqqında ətraflı ip ucları toplamaq mümkündür. Konvertasiya (Conversion): Xüsusilə Facebook səhifələrində brend etiketi olan məzmunlar yerləşdirilib, satış reallaşdırılmağa çalışılır. Bu satışların reallaşdırılması konvertasiya sayılır. Səhifədən olunan satışları görmək üçün isə sifarişlər (orders) bölümünü tədqiq etmək lazımdır.

"YouTube" 

"Youtube" platforması da "Facebook" kimi firmalar və məzmun yaradıcıları ilə qarşılıqlı əməkdaşlıq içindədir. Əgər //studio.youtube.com keçidinə daxil olsaz orda müvafiq analitik metrikləri görəcəksiz. İlk açılışda ümumi xülasə ilə qarşılaşdıqdan sonra müvafiq göstəricilərə baxa bilərsiniz. 

Abunə sayı: Youtube kanalınızı izləyən istifadəçilərin sayıdır. Bu insanlar həm də sizin hədəf auditoriyanız sayılır.

Görüntüləmə sayı: paylaşılan hər videonun insanlar tərəfindən neçə dəfə izləndiyini göstərən saydır. Buraya bir istifadəçinin bir və ya bir neçə dəfə izləməsinin hamısı daxildir. 

Bağlılıq və görüntüləmə müddəti: Bu göstərici əsasən bir neçə şkalada ölçülməkdədir. Bir videonun cəmi neçə dəqiqə izləndiyi, kanaldakı bütün videoların neçə dəfə izləndiyi və ortalama (istifadəçi başına düşən) izlənmə müddəti meyarları daxilində dəyərləndirilir. Əlavə olaraq da ən çox izlənən videoları, hansının ən çox hərəkətə keçirici klik (CTA -click to action) aldığı, ən yaxşı pleylistlərə daxil edildiyini görə biləcəksiniz. 

Əldə tutma (retention): Əldə tutma dedikdə, kanal abunələrinin paylaşımları daimi izləməsidir. Buradakı göstəricilərə isə bir videonun başladığı andan sona qədər izlənmə müddətinin çoxluğu, bildirişlərin açıq edilərək paylaşımların daimi izlənməsi daxildir.

Paylaşımlar: videonun digər sosial platformalarda paylaşılması göstəriciləri də onun performans göstəricilərinə daxildir. 

Gəlir: Youtube kanalından bir gəliriniz varsa, xüsusilə bu göstəricilər sizin üçün əsas yardımçıdır. Bu qrafiklər sayəsində siz müəyyən zaman aralığı ərzində ən çox qazandıran 
videolarınızı və reklam modellərinizi görəcəksiz. 

"Instagram"
 
Fəaliyyət dövrünə mobil tətbiq olaraq başlayan və uzun müddət sadəcə telefonlarda istifadə etmək mümkün olan Instagramın əsas göstəricilərinə də sosial media platformalarından çatmaq mümkündür. Instagram platformasında əsasən məzmun, auditoriya və aktivliklə bağlı analitik metriklər mövcuddur. 

Məzmunla bağlı: hekayə, şəkil, karusel və video kimi formaları mövcuddur. Məzmunun görüntülənmə sayı, nə qədər insana çatma statistikası, profilə gələn klikləmələr, məzmunlardan növbəti məzmuna keçidlər buraya daxildir. Bundan başqa, profilə daxil olma, nömrə, e-mail, sayt, tekst, paylaşım, hekayələrə cavablar, hekayə üzərindəki, quruluşa əsasən kliklər, yaddaşa vermə düyməsinin hamısı bu başlıq altında analiz edilməkdədir. 

Aktivlik: postunuzun neçə hesaba çatdığı, cəmi neçə dəfə görüntüləndiyi kimi nəticələr analiz edilir. Əsasən 2 həftəlik bir periodu təhlil etməyə kömək edir. 

Auditoriya: Bu hissədə isə izləyicilərin demoqrafik xüsusiyyətləri, coğrafi dağılımı, izləmə və
izləmədən çıxarma informasiyalarını da ehtiva edən məlu"matlar əks olunur. 

"Linkedın"

"Linkedın" platformasında şəxsi profil ilə yanaşı firmaların öz səhifələri (showcase) də yaradılmaqdadır. Bu səhifələrin 3 əsas metrik göstəricisi mövcuddur: 

Vizitorlar: səhifənizə müxtəlif cihazlardan masaüstü yaxud telefonlardan daxil olan istifadəçilərin sayıdır. Həmçinin statistik göstəricilərdən, vizitorların iş yerinə dair məlumatları da əldə etmək olar. Bu isə bizə ipucu verir ki, hansı sahənin insanlarının bizim 
paylaşımlarımıza marağı var.

Paylaşımlar: Bu başlıqda əsasən səhifədə edilən paylaşımlar və onların performansı haqqında informasiyalar göstərilir. Bu paylaşımlar həm ödənişli, həm də orqanik paylaşımlardır. Bu başlıq altında, cəmi paylaşımlara gələn rəylər, bəyənmələr, paylaşmalar əsasında toplanan məlumatlar analiz edilməkdədir. Şirkət səhifəsinə komanda üzvlərini də daxil etmək mümkündür. Bu zaman kimin hansı paylaşımı etməyini də izləmək olar. 

İzləyicilər: izləyiciləriniz, onların sayının müəyyən zamanda necə artması, necə dəyişməsi haqqında məlumatlarla yanaşı, onların yeri, işi, olduğu sektor haqqında məlumatları da əks etdirir.

Mütəxəssis Vətən Aslanov

0