Zaman-zaman universitetlərin paytaxtdan kənara köçürülməsi məsələsi gündəmə gəlir.
Bir neçə dəfə bu məsələ ətrafında geniş müzakirələr gedib. Lakin universitetlərin Bakıdan köçürülməsi hər dəfə gündəmə gələndə birmənalı qarşılanmayıb. Bəziləri bunu tıxacların azalması üçün doğru addım hesab etsə də, bəziləri bir çox aspektən universitetinin şəhərətrafına köçürülməsini faydalı saymır. Yəni universitetlərin Bakıdan kənara daşınacağı ilə bağlı uzun illərdir söz-söhbətlər olsa da, konkret addım atılmır.
Ümumiyyətlə, universitetlər paytaxtdan köçürülməlidirmi? Həmçinin, onları hara köçürmək lazımdır?
Mövzu ilə bağlı HİT.az-a açıqlama verən təhsil eksperti Cahid İmanlı bildirib ki, əslində bununla bağlı fikirlər müxtəlif ola bilər:
"Bizdə əsas universitetlər "Elmlər Akademiyası" metrostansiyasının yaxınlığında yerləşir. Həmin universitetləri hansısa Bakıətrafı qəsəbələrə köçürmək olar. Amma orada kampus nəzərdə tutmaq lazımdır ki, tələbələr üçün hər bir şərait olsun. İlk növbədə, tələbələrin yataqxanası olmalıdır.
Eyni zamanda, kitabxana bazası da olmalıdır. Düzdür, hazırda elektron kitabxanadan daha çox istifadə olunur. Lakin universitetlər şəhərətrafına köçürülsə, tələbələrin tez-tez kitabxanalara müraciət edəcəyini nəzərə almaq lazımdır. Çünki əsas kitabxanalar paytaxtın mərkəzində yerləşir. Yəni tələbələrin tədris resurslarına əllərinin çatması üçün tam şərait qurulmalıdır. Hansısa universitet köçürülsə, kampus kimi nəzərdə tutulmalıdır".
Ekspert hesab edir ki, "Elmlər Akademiyası" metrostansiyasının ətrafındakı universitetləri köçürmək düzgün olmaz:
"Çünki onlar bir yerdə kampus kimi fəaliyyət göstərirlər. Amma "28 May" və "Gənclik" metrostansiyaların yaxınlığında olan müəyyən universitetləri şəhərətrafına köçürmək olar. Bu, mümkündür. Lakin yer və şərait uyğun olmalıdır. Demək olar ki, hazırda şəhərətrafı qəsəbələrin hamısı doludur. Əslində onlara çıxışlar da tələbələr üçün bir az çətin olacaq.
Əgər universitetlər köçürülsə, tələbələrin gediş-gəlişi üçün müxtəlif yerlərdən marşrutlar təyin olunmalıdır. Məsələn, Bakı və Sumqayıtdan gələn tələbələr asanlıqla universitetə çata bilməlidir. Həmçinin, rayondan gələn tələbələr də yataqxana ilə təmin edilməlidir. Bunların hamısını fikirləşmək lazımdır".
Pərviz