Uşaqlıqdakı travmaların yeniyetməlikdə üzə çıxması: "Məni sevir deyib qaçan qızlar çoxdur"

ÖLKƏ
19:19 / 10.10.2023
570

Ötən gün Sumqayıtda 21 yaşlı qız itkin düşüb.

Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü Həşimli Gülnarə Namiq qızı 9-cu mikrorayonda yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Ümumiyyətlə, adətən qızların itkin düşməsinə səbəb evdən qaçmaları göstərilir. 

Bəs qızların evdən qaçmasına səbəb nədir?

Psixoloq Gülnar Orucova Hit.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, son dövrlərdə yeniyetmələrin evdən qaçma halları artıb:

"Bununla yanaşı, uşaqlıq dönəmində aldığı travmalar yeniyetməlik dönəmində daha qabarıq şəkildə biruzə verir. Yeniyetmə və valideyn arasında qarşıdurmalar əvvəlki illərə nisbətən də daha tez-tez olur. 21 yaşındakı qız öz problemini açıq şəkildə ifadə edən, normal düşüncə tərzinə malik və sözünü deməyi bacaran bir gəncdir. Onun evdən qaçması heç də doğru deyil. Öz fikirlərini sərbəst şəkildə ifadə edə bilər. Sadəcə indiki gənclər haqlı və ya haqsız olması qənaətində olmurlar. Onlar ancaq düşünür ki, valideyn mənim istədiyimi etməlidir, mən haqlıyam. Bu gün valideynlər qaçan uşaqlarını bəzən hansısa proqramlar vasitəsilə də tapır. Onlar da peşman olduğunu söyləyir. Çünki qaçdıqları zamanda öz səhvlərini anlayırlar.  Valideyn də çalışmalıdır ki, öz övladı ilə dost olsun, fikirlərini önəmsəsin. Valideyn öz diqqət və qayğısını göstərməyəndə kənarda kimlərdənsə bir sevgi sözü eşidəndə elə bilir ki, diqqətdədir, sevilir. Elə bilirlər ki, o adam onu ailəsindən daha çox sevir. Evdən qaçmaq halları da çox zaman buna görə olur. O, məni sevir, arxamda dayanır deyib qaçanlar çoxdur. Adətən əsas səbəb bu olur".

Aynur Əli

0