Azərbaycanda doğulan körpələrin cins nisbətindəki fərq geniş müzakirələrə səbəb olub. Ölkə üzrə 100 qıza 112 oğlanın düşməsi, həmçinin Azərbaycanın selektiv abortlara görə dünyada birinci yerdə olması barədə xəbərlər ictimaiyyət arasında rezonans doğurub.
İllərdir ölkədə və xaricdə selektiv abortarla bağlı tendensiya davam edir. Məhz Azərbaycanın dünya siyahısında birinci olması insanlarda ciddi narahatlıq doğurur.
Dövlət Statistika Komitəsinin 2022-ci il hesabatına görə, Azərbaycanda abort edənlərin sayı 57 999 olub. Bu rəqəm 2021-ci il 46 877 təşkil edib. Bu da 1 il ərzində abort edənlərin 11 112 artım olduğunu göstərir.
Abortların sayının artması haqqında danışan ginekoloq Pərvanə Mustafayeva Hit.az-a açıqlamasında qeyd edib ki, selektiv abort ultrasəs müayinəsi ilə embrionun cinsini müəyyən etdikdən sonra cinsi ayrıseçkilik edərək, ondan abort yoluyla qəsdən xilas olmaqdır. Selektiv abortlar arasında ayrıseçkiliyə məruz qalan cins qızlardır: "Çox valideyn dölün cinsiyyətinin qız olduğunu bilən kimi onu abort edir. Son illərdə edilən abortlar arasında selektiv abortların payı az deyil. Onların sayını müəyyən etmək çətindir. Çünki selektiv abortların əksəriyyəti qeyri-qanuni yolla baş verdiyi üçün onların real mənzərəsi gizli qalır. Ancaq son illərdə doğulan qız uşaqlarının sayında müşahidə olunan azalma sübut edir ki, edilən abortların çoxu məhz selektiv abortlardır".
P.Mustafayeva bildirib ki, cinsiyyətə görə aparılan abortları ailədə daha çox kişilər tələb edir. Düzdür, bəzən qadınların özlərinin də bu cür istəyi olur. Amma bu, əsasən kişilərin təsiri ilə olur: “Təsəvvür edin ki, 3 ay ərzində özünü hamiləliyə hazırlamış bir qadının bu qərarı verməsi nə qədər çətindir. O, psixoloji travma yaşaya bilər. Digər tərəfdən, abort, xüsusən, selektiv abortlar (12-ci həftədən sonra aparıldığı üçün) qadın həyatına bir çox problemlər gətirir. İlk növbədə, baş verən qanaxmalardan danışaq. O, qadının ölümünə də səbəb ola bilər. İnfeksiyalar, xüsusən çanaq orqanlarının irinli iltihabı kimi xəstəliklər gələcəkdə qadınlara ana olmaq üçün ciddi problemlər yarada bilər. Hətta, daxili orqanların zədələnməsi, uşaqlığın cırılması da baş verə bilər. Belə halların nəticəsində gələcəkdə sonsuzluq yaşanması qaçılmaz olur”.
Ginekoloq onu da əlavə etdi ki, bəzi qadınlar var ki, həkimə getməmək üçün ev şəraitində müəyyən dərmanlardan istifadə edərək, hamiləliyi sonlandırmağa çalışırlar. Bu, bəzən alınır, bəzən isə elə fəsadlar verir ki, qarşısını çətinliklə alırıq. Ümumiyyətlə, bir hamiləliyin bitirilməsinə qərar verilibsə, bu, həkim nəzarətində həyata keçirilməlidir. Çünki candan can qoparılır: “Bunu iki həblə həll etmək olmaz. Hamiləliyin sonlandırılması üçün abort təhlükəsiz üsuldur. Ən yaxşısı isə cinsi əlaqə zamanı qorunmaq və ya spiral qoydurmaqdır. Amma evdə hər hansı bir dərmandan istifadə etmək olmaz”.
Sevinc