Manatlıq dönərxanalar: "Kimsə rüşvətlə..."

ÖLKƏ
17:08 / 27.10.2023
410

Bildiyiniz kimi, bir neçə gün öncə Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərinin şagirdləri arasında dönərdən zəhərlənmə hadisəsi baş verib. TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 23 uşaq hospitalizasiya olunub. 

Ümumiyyətlə, illərdir ki, dönərdən zəhərlənmə halları ilə bağlı məlumatlara tez-tez rast gəlirik. Ucuz, amma keyfiyyətsiz olan bu qidalar sağlamlığımız üçün təhlükə mənbəyidir.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Hit.az-a açıqlamasında bildirib ki, qida məsələsində cəld müdaxilə mexanizmi olmalıdır:

"Bu kimi problemlər olanda onun kökünü qanunlarda axtarmaq lazımdır. Hökumətin səhv istehlakçı siyasəti var. Hökumətin biznes inkişafı siyasəti var, istehlakçı siyasəti yox dərəcəsindədir. İstehlakçı siyasətini yerinə yetirən dövlət orqanı yatıb, heç bir iş görmür. Biz razı deyilik ki, kimsə rüşvətlə yoxlamaları həll etsin. Çünki verilən rüşvət də istehlakçıdan çıxacaq. Qanunlarda ciddi dəyişiklik olmalıdır. Qida məsələsində cəld müdaxilə mexanizmi olmalıdır. 

Dönərçilər haradan olur-olsun ət alıb dönər hazırlayırlar. Bu kimi hallar da kütləvi zəhərlənmələrlə nəticələnir. Bu amilin özü belə əhalinin uzunömürlüyünə mənfi təsir göstərir. Yəni, belə hallar sağlamlığımız üçün təhlükədir və buna ciddi yanaşmaq lazımdır".

Aynur Əli

0