Müharibənin ağ xalatlı qəhrəmanı - MÜSAHİBƏ/FOTO

15:51 / 30.10.2023
3133

Sənan Aşirov: “Oraya elə-belə yaralılar gəlmirdi, kiminin əli yox, kiminin…”

Azərbaycanın Vətən müharibəsində qazandığı Böyük Zəfərdə öz peşə fəaliyyətini şərəflə yerinə yetirən, minlərlə əsgər və zabitin həyatını xilas edən fədakar həkimlərin rolu danılmazdır.
Hit.az İkinci Qarabağ müharibəsində həkim kimi fəaliyyət göstərən Bakı Sağlamlıq Mərkəzinin Ortopediya və Travmatologiya şöbəsinin müdiri, tanınmış cərrah Sənan Aşırovla həmsöhbət olub.

- Vətən müharibəsində iştirak etmisiniz. Müharibəyə könüllü getdiniz, yoxsa çağırıldınız?

- Həkim dostlarla qərara aldıq ki, cəbhəyə yaxın rayonlara gedək və yardım edək. Yolda olarkən daima hospitallarla əlaqə saxlayırdıq. Yevlaxda xəstəxanada köməyə ehtiyac olduğunu eşidib ora yollandıq. İki gün orada 10-dan çox əməliyyat edib, yaralılarımıza yardım etdik.

336843

- Müharibə zamanı hospitalda xidmət apararkən yadınızda qalan ən dəhşətli hadisə nə olub?

- Müharibədir də, dəhşətli səhnələr çox idi. Birincisi, müharibə yaxşı şey deyil və heç kimə müharibə arzulamaram. Bəlkə də hər bir həkimin həyatında görmədiyi xəstələr gəlirdi gün ərzində. Oraya elə-belə yaralılar gəlmirdi. Kiminin əli yox, kiminin ayağı və ya bədəninin bir hissəsi yoxdur. Bəzən şəhidlərimizin nəşi tanınmaz halda gəlirdi, tankın içərisində yanmış halda. Yəni, təkcə ağır vəziyyətlər deyildi. Eyni anda bir xəstənin üzərində 4 ayrı ixtisasdan olan həkim işləyirdi. Təsəvvür edin, beyin cərrahı bir tərəfdə, döş qəfəsində olan gülləni bir həkim çıxartmağa çalışır, başqa bir həkim damar patalogiyası ilə məşğul olur. Onu da deyim ki, xəstəxana mütamadi olaraq mərmi atəşinə tutulurdu, lakin biz öz işimizi görürdük. Göydən  mərmi yağmasına baxmayaraq, hərbçilərimizi ayağa qaldırmağa çalışırdıq. Ağdam rayonunun Quzanlı qəsəbəsində xəstəxana və  Ağcabədi xəstəxanasının ətrafına mərmi atılırdı. Həmçinin, Gəncəyə atılan mərmilər Abbas Səhhət adına xəstəxanın yanına düşürdü. Adını çəkdiyim xəstəxanalarda da ağır şəraitdə əməliyyatlar edirdik. Təsəvvür edin axşam saat 6-da əməliyyata başlayırdıq səhər saat 7-də bitirirdik. Buna baxmayaraq, yorğunluq nədir bilmirdik.

336844

- Həmin ərəfədə  psixoloji vəziyyət necə idi?

- Nə həkimlərin, nə də yaralıların əhval-ruhiyyəsində heç bir problem yox idi. Müharibənin ilk günündən bizdə elə bir əhval-ruhiyyə var idi ki, biz yalnız qələbə qazanmağa gəlmişik. Heç kəsdə  ruh düşkünlüyü, qorxu yox idi. Bir çox yaralı əsgərlərimiz var idi ki, arxadakı hospitallara getmək istəmirdi. Onlar sanki döyüş yoldaşlarını qoyub, arxaya getməyi özlərinə ayıb sayırdılar. Yüngül yaralılar deyirdilər ki, ”yaramızı sarıyın, getməyək tibb məntəqəsinə və yaxud hospital”. Bizə ən çox pis təsir edən müalicə etdiyimiz hərbçilərin şəhid olma xəbəri idi. Bu özü bir ayrı ağrıverici idi. Yaralıları xilas etdikcə də həkimlərimizin əhvalı yüksəlirdi. Yaralı hərbçilərin psixoloji durumu fərqli idi. Təsəvvür edin, əsgərlərimizin kimisinin əli, kimisinin ayağı kəsilsə də, ağır travmalar yaşasalar da çox yüksək əhval-ruhiyyədə idilər. Heç bir vaxt onların arasında ağlayan, qorxan əsgər görmədim. Əməliyyatdan ayılan bir hərbçi silahını istəyirdi ki, döyüşə getsin. Komandirlər əsgərlərə öz övladı kimi yanaşırdı. Bir komandir var idi. Onu sarğı edən zaman ağladı. Səbəbini soruşanda dedi ki, bəs onun 4-5 əsgəri şəhid olub. Bir hərbçi var idi, onun dabanından güllə çıxardıq və o üç gün sonra döyüş bölgəsinə yollandı. Ancaq müəyyən müddət ona yerimək, gəzmək olmazdı.

336845

-  Çətin deyildi?

- Xeyr, çətin deyildi. Biz həkimlər hər bir çətinliyi gözə almışdıq. Müharibə Azərbaycanın zəfəri ilə yekunlaşdı. Müharibənin müsbət tərəflərindən biri də odur ki, bir çox həkimlər özlərini təsdiqləmiş oldu. Həkimlər arasında birlik yaşandı. Müharibə müddətində fərqli yerlərdə toplama 150 yaxın əməliyyat etdik.

Sevinc

336846

0