Bitki çayları hansı fəsadlara səbəb olur? - Mütəxəssis AÇIQLADI

ÖLKƏ
18:11 / 30.10.2023
494

"Bitki çaylarını kor-koranə şəkildə istifadə etmək bəzən orqanizmdə ciddi fəsadlara səbəb ola bilər".

Bu sözləri sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova HİT.az-a açıqlamasında deyib.

O bildirib ki, bitki çayını hansı səbəbdən qəbul edəcəyimizi mütləq şəkildə bilməliyik:

"Məsələn, bir çox bitkilər orqanizm üçün olduqca faydalıdır. Bunlara nümunə olaraq nanə və cökəni göstərə bilərik. Onların tərkibində həm  antioksidant tərkibi var, həm orqanizmdə immun sistemini gücləndirir, gümrahlıq və enerji verir, həm də maddələr mübadiləsini sürətləndirir. Eyni zamanda, sözügedən bitkilər orqanizmdə yaranan şişi və köplüyü də aradan qaldırır. Lakin gündəlik istifadə etdikdə istər-istəməz onların da fəsadları ola bilər. Çünki bitkilərin hər birinin yan təsirləri və müalicəvi xüsusiyyətləri var. Ona görə də istifadə miqdarını aşmamaq lazımdır".

336851

Mütəxəssis vurğulayıb ki, bitki çaylarını günün hansı saatında istifadə edəcəyimizə də diqqət etməliyik:

"Məsələn, nanəni günün birinci yarısında və günorta saatlarında qəbul etsək, gün ərzində enerjili olmağımıza və daha yaxşı hiss etməyimizə səbəb olacaq. Həmçinin, ürək-damar sisteminin funksiyalarının yaxşılaşdırılmasına xidmət edəcək. Cökəni isə daha çox yatmazdan 1-2 saat öncə içmək əsəbləri və mərkəzi beyin sistemini sakitləşdirir. Bu isə daha rahat yatmağa kömək edir".

Ekspertin sözlərinə görə, mütəxəssislə məsləhətləşmədən bəzi bitkilərdən arıqlamaq və ya böyrəkdəki daşlardan xilas olmaq üçün istifadə etmək doğru deyil:
"Bitki çayının xüsusiyyətlərini bilərək, peşəkarla məsləhətləşərək və onun nəzarəti altında içilməlidir. Əks halda, təhlükəli fəsadlarla üzləşmək mümkündür. Ona görə də sözügedən çaylardan bu məqsədlər üçün istifadə etmək tövsiyə olunmur. Əgər bitki çaylarından müalicə məqsədli istifadə edəcəksinizsə, qəbul etdiyiniz qidalar da mütləq şəkildə peşəkar tərəfindən sizə bildirilməlidir. Müalicə məqsədilə belə bitki çayları günün müəyyən saatlarında içilməlidir. 

Əks halda, bundan həddindən artıq çox istifadə etmək ürək döyüntülərinin artmasına, qarında sancının, ağrının yaranmasına və diqqət pozuqluğuna gətirib çıxara bilər. Bəzən də durmadan yatmaq istəyi və yuxulu olmağa, habelə allergik reaksiyalara da səbəb olur. Bunlara da diqqət etmək lazımdır. Ümumiyyətlə, bitki çayını həmin bitkinin xüsusiyyətlərini bilərək istifadə etmək tövsiyə olunur".

Məhsəti Hüseynova onu da diqqətə çatdırıb ki, bitki çayları ümumiyyətlə gündəlik istifadə üçün nəzərdə tutulmur:

"Ancaq meyvə çayları gündəlik istifadə üçün çox faydalıdır. Hər bir bitki və meyvə çayını 10-15 dəqiqə dəmləmək lazımdır. Ondan artıq dəmləndikdə isə istifadə etməmək tövsiyə olunur. Çünki 15-20 dəqiqədən sonra istiliyin təsirindən tərkibində zərərli maddələr yaranmağa başlayır. Bu da bəzən zəhərlənməyə gətirib çıxarır. Mütləq şəkildə bunlara da diqqət etmək lazımdır".

Pərviz

0