Tozlu hava ağciyər xəstələrinə mənfi təsir edəcək

ÖLKƏ
22:05 / 31.10.2023
425

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tozlu havanın daha 2 gün davam edəcəyi ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəcikləri 1.3, dəm qazı 1.5, azot-4 oksid 1.3, Sumqayıt şəhərində isə dispers toz hissəcikləri 1.2, dəm qazı 1.3 dəfə normadan yüksək müəyyən edilib.

Havada müşahidə olunan toz sinoptik vəziyyətlə əlaqədar

 transsərhəd xarakterlidir və yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir.

Bəs bu hava şəraitinin hansı mənfi təsirləri var?

Həkim Aydın Əliyev Hit.az-a açıqlamasında bildirib ki, belə hava şəraiti daha çox xroniki xəstəliyi olanlara təsir edir:

"Qlobal istiləşmənin təsiri ilə böyük şəhərlərdə tozlu havalar daha çox müşahidə olunur.  

Havanın çirklənməsi də immunitet sistemini zəiflədir və infeksiyaya qarşı mübarizə qabiliyyətini aşağı salır. Bunun da nəticəsində bir çox xəstəliklərə yoluxmaq sürəti artır. 

Xroniki xəstələr, ağciyər infeksiyaları olan xəstələə belə havalar daha çox təsir edir. Çünki nəfəsalmada problemlər yaradır və bu da orqanizmin müqavimət gücünü aşağı salır. Bu səbəbdən havanın tozlu olduğu günlərdə çöldə çox gəzməmək və nəqliyyatın sıx olduğu yerlərdə olmamaq lazımdır".

Qeyd edək ki, hər il dünyada 1 milyona yaxın insan havanın çirklənməsi səbəbindən ölür.

Dünyada yalnız hər on nəfərdən biri ÜST-nin təhlükəsizlik məhdudiyyətlərinə cavab verən hava ilə nəfəs alır.

Aynur Əli

0