Uşağını ana südü ilə qidalandıran analarla yanaşı, bunun əksini edənlər də var. Bəzən isə analar körpələrinə ana südü ilə yanaşı uşaq qidalarından da verirlər. Bu gün satışda müxtəlif növ və müxtəlif qiymətə uşaq qidaları mövcuddur.
Bu qidalar barədə zaman-zaman müxtəlif fikirlər səsləndirilir, onların uşaqlar üçün zərərli olduğu deyilir. Hətta bir sıra uşaq qidaları da var ki, onların tərkibində soya olduğu, bunun isə GMO bir komponent olduğu deyilir ki, bu da körpə uşağın orqanizmi üçün təhlükəli hesab olunur.
Həkim pediatr Mətənat Əliyeva Hit.az-a açıqlamasında deyib ki, körpə qidalarının keyfiyyətində problemlər var:
“Qanunda da göstərilir ki, körpə qidalarının üçüncü ölkədən idxalı qadağandır. Birbaşa istehsalçıdan alınmalıdır. Ancaq biz görürük ki, Azərbaycana 3-cü ölkələrdən uşaq qidaları idxalı baş verir. O körpə qidasının ki, tərkibində soya kompenenti var, bu, GMO kompenentidir. Əhali bilməlidir ki, mümkün qədər körpə qidalarından uzaq durmaq lazımdır. Ana südü ilə qidalandırma faizi aşağı olduğu üçün süni qida ölkədə çox sürətlə irəliləyib. Azad bazar iqtisadiyyatından istifadə olunur, pediatrların qida distrübiterləri ilə sıx əlaqələri yaradılıb və körpə qidaları ölkədə geniş vüsət alır”.
Həkim onu da əlavə etdi ki, qida məhsullarının saxlanma şəraiti ilə bağlı problem var. Uşaq qidaları market rəflərində açıq satılır. Uşaq qidası xüsusi qaydada, müəyyən edilmiş hərarətdə saxlanılmalıdır. Ancaq marketlərdə harda gəldi rəfə qoyulur, sonda da bu cür xoşagəlməz hal yaşanır. Bu məsələyə nəzarət olunmalıdır.
Sevinc