Günlərdir ki, halal və haram dərmanların müzakirəsi gedir.
Səhiyyə nazirinin müavini Rasim İsmayılov açıqlama verərək bu məsələyə aydınlıq gətirib. O bildirib ki, halal dərmanların tərkibində, yəqin ki, alkoqol, yaxud donuzun hansısa komponentlərindən istifadə olunmayacaq. Yəni adından da bəlli olduğu kimi, halal dərman olacaq.
Farmakoloq Aydın Əliyev Hit.az-a açıqlamasında bildirib ki, burada əsas məsələ dərmanın tərkibidir:
"Halal olduğunu bilmək üçün özümüz də dərman istehsal etməliyik. Özümüz hazırladığımız dərmanların tərkibini bilməliyik. Hər halda xaricdən gətirilən dərmanlardan şikayətlər çoxdur. Çox dərmanın tərkibində təbii ki, halal olmayan komponentlər ola bilər. Gətirilən dərmanların qiyməti həmin ölkədəkindən daha baha satılarsa, keyfiyyəti aşağı olarsa, bu da haramçılığa daxil olur.
Biz öz dərmanlarımızı istehsal etsək, həm belə məsələlərə diqqət etmiş olarıq, həm də milyonlarımız büdcəmizdə qalar, xaricə getməz".
Aynur Əli