Son zamanlar evdən qaçan gənclərin sayı artır.
Nə qədər acınacaqlı olsa da, belələrinin arasında qızlar çoxluq təşkil edir.
Araşdırmalara görə, evdən qaçma halları daha çox yeniyetmələr arasında baş verir.
Bu, əsasən 15-20 yaşa təsadüf edir. Yetkinlik dövrünü yaşayan gənclər üçün ailələrin, cəmiyyətin, məktəbin qoyduğu qaydalar və təzyiqlər bəzən onların səbrini daşdırır və onlar bu qaydalardan can qurtarmaq üçün evdən qaçmağı bir həll yolu kimi görürlər.
Qızların evdən qaçmasının səbəbləri də müxtəlifdir.
Psixoloq Zeynəb Əliyeva Hit.az-a açıqlamasında deyib ki, evdən qaçmaq yeniyetmənin təhlükədən uzaqlaşmaq üçün seçdiyi yoldur:
“Səhv və ya düz - bu, ayrı məsələdir. Ailə daxilində mübahisələr ola bilər. Bu məqamlara xüsusi diqqət göstərmək lazımdır. Əgər problem varsa, həll olunmalıdır. Zaman keçdikcə boşanma, ailədaxili zorakılıq halları fəsadlara gətirib çıxarır. Biz qəbul etməliyik ki, insan yaşamaq üçün sağlam olmalıdır. Psixoloji sağlamlığının qeydinə də qalmalıdır. Bunu həyat tərzinə çevirməli, həm də psixoloji sağlamlığımızı qorumalıyıq”.
Psixoloqun sözlərinə görə, valideyinlər öz uşaqları ilə mehriban münasibətdə olmalıdır. Onun sözlərinə görə, hazırkı mürəkkəb cəmiyyətdə valideyin çalışmalıdır ki, öz uşaqları ilə dost münasibətdə olsunlar, xüsusilə analarla qızlar arasında çox mehriban, rəfiqəlik kimi münasibət olmalıdır:
“Ana öz qızının yanında onu etmək istədiklərinə məhdudlaşdıran bir şəxs yox, mehriban bir rəfiqəsi olaraq, onun iç dünyasını, qəlb aləmini yaxından izləməlidir. Bu məsələlərdə hələ ki, ailələrin çoxunda arzu olunan vəziyyət yoxdur. Boşanmaların da sayı artır. Bu hal da bir çox ailələrdə o qədər gərgin vəziyyət yaradır ki, orada yaşı az olan qızlar, xüsusilə yeniyetmələr sanki evdən bezir və qaçmaq istəyirlər. Amma bir sıra ailələr də var ki, onlar arsında boşanma olmur, lakin evlərində çox gərgin bir mühit var”.
Sevinc