Ölkəmizdəki sosial şəbəkə fenomenləri ilə bağlı da araşdırma aparıla bilər?

ÖLKƏ
17:00 / 14.11.2023
709

Türkiyədə günlərdir gündəmin əsas mövzusu sosial şəbəkə fenomenləridir.

Xüsusilə Dilan Polat və həyat yoldaşı Engin Polatın həbs olunması böyük rezonans doğurdu. Onlar, çirkli pulların yuyulması, qanunsuz mərc oyunları və vergidən yayınma kimi cinayətlərdə ittiham olunurlar. Məşhur cütlüyün həbs olunmasından sonra isə gözlər digər türk fenomenlərə çevrildi. Artıq Türkiyə mediasında başqa sosial şəbəkə fenomenləri ilə bağlı da araşdırma başladılacağı barədə məlumatlar yayılır.

Azərbaycanda da çox sayda sosial şəbəkə fenomeni olduğunu nəzərə alsaq, onlar barəsində də hansısa araşdırma aparıla bilərmi?

Hüquqşünas Mehman Muradlı HİT.az-a açıqlamasında bildirib ki, sözügedən türkiyəli sosial şəbəkə fenomenləri faktiki olaraq çirkli pulların yuyulması ilə məşğul idilər:
"Onların hərəkətlərində (red. Dilan-Engin Polat cütlüyü) görməmişlik var idi. Əllərinə haradansa qanunsuz yollarla keçən pullarla görməmişliklərini sübut etməyə çalışırdılar. Saçlarına dollar yığmaqla və cürbəcür videolar çəkməklə özlərini fenomen adlandırırdılar".

Hüquqşünas diqqətə çatdırıb ki, əgər Azərbaycandakı sosial şəbəkə fenomenləri araşdırılsa, onların böyük əksəriyyətinin hansısa şirkətlərin reklamlarını etdikləri məlum olacaq:
"Bəlkə də, onlar arasında da türklər kimi çirkli pulların yuyulması ilə məşğul olanlar var. Çirkli pulların yuyulması ilə bağlı isə Daxili İşlər Nazirliyinin Kibercinəyatkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb. Onlar da qısa müddət ərzində çox böyük işlər görüblər və buna davam edirlər. Hesab edirəm ki, növbə sosial şəbəkə fenomenlərinə gəlib çatacaq. Onda isə onların vergidən yayınma məsələləri də ortaya çıxacaq. Çünki onların böyük hissəsi qazandıqları pulların vergisini ödəmirlər. 

Bəzi şəxslər gedib hansısa şirkətlərdən pul alaraq onların piarı ilə məşğul olurlar. Adlarını da sosial şəbəkə fenomeni qoyurlar. Ümumiyyətlə, sosial şəbəkələrdə vergidən yayınma faktları çoxdur. Sosial şəbəkə fenomenləri ilə bağlı araşdırılma aparılsa, bununla təkcə Kibercinəyatkarlıqla Mübarizə Baş İdarəsi deyil, Vergilər Nazirliyi də məşğul olacaq. Hesab edirəm ki, qanunları pozan şəxslər cəzalandırılacaqlar".

Pərviz

0