Təbiidir ki, uşaqların inkişafı və sağlamlığı barədə hamıdan çox valideyn düşünür.
Bütün ata-analar övladı üçün hər şeyin ən yaxşısını arzulayır. Bu istək özünü uşaqların geyimində, məktəb aksessuarlarında da göstərir.
Valideynlər mümkün qədər daha məşhur, daha cəlbedici aksessuarlara üstünlük verir.
Məlumdur ki, uşaqlar orta məktəbə 6 yaşında gedir.
Bu yaşda məktəbə gedən uşaqların daşıdığı çantanın ağırlığı isə məktəblinin onurğa sümüyünü zəiflədir.
Ağır kürək çantası daşımaq məktəb uşaqlarının inkişaf etməkdə olan oynaq və əzələ strukturlarının inkişafında problemlərə gətirib çıxarır və nəticədə skolioz xəstəliyinin yaranmasına səbəb olur.
Skolioz xəstəliyi insan onurğasının C şəklini alması deməkdir.
Ekspertlərin verdiyi məlumata görə, skolioz xəstəliyi başlanğıcını məhz kiçik yaşda onurğanın zədə almasından götürür, ağırlıq səbəbi ilə boy qısalığı, görünüş eybəcərlikləri, ağ ciyər problemləri, psixoloji pozuntular kimi fəsadlar ortaya çıxır.
Ekspertlərin fikrincə, çantalar kürəkdə və çiyinlərdə ağrıya səbəb olmayacaq ağırlıqda olmalıdır.
Türkiyədə aparılan araşdırmalara görə, ağır çanta götürmə səbəbindən uşaqlarda bel ağrısı son illər daha çox artıb. Hələ məktəb yaşında bel ağrılarından şikayətlənən uşaqların gələcəyi necə olacaq?
Yaxud da bu cür uşaqların sağlam qocalığı olacaqmı?
Bunun üçün valideynlərə lazımi məlumat verilməlidir.
Onurğa sümüyü ilə bağlı olan xəstəlik haqqında suallarımızı tibbi ekspert, professor Adil Qeybulla cavablandırıb.
A.Qeybulla Hit.az-a açıqlamasında deyib ki, skolioz xəstəliyi anadangəlmə və sonradan qazanılmış da ola bilər:
"Bu xəstəlik çox vaxt sonradan əmələ gəlir. Onurğa sütununda olan əyriliklər 3 yerə bölünür. Onurğanın önə, arxaya və yana əyilməsi. Onurğa sütununun təbii 2 əyriliyi boyun və bel hissədədir. Təbiət o əyriliyi onun üçün yaradıb ki, həmin vəziyyətdə biz rahat yeriyək, ayaq üstə dayanaq və boynumuzu rahat döndərək. Bu əyriliyin fizioloji funksiyası bundan ibarətdir, fizioliji əyrilikdir".
Onun sözlərinə görə patoloji əyriliklər 3 növdə olur. Kifos, lardos və skolioz. Kifos ən çox döş qəfəsində olur, onurğanın arxaya əyilməsidir. Lardos onurğanın önə əyilməsidir və ən çox bel nahiyəsində olur:
"Yanlara-sola və sağa əyilməyə isə skolioz deyilir. Bir də onurğanın qövsvari əyilməsi var.
Onurğa əyriliklərinin əsası uşaq doğulan gündən qoyulur.Yəni uşağın düzgün inkişaf etməməsindən yaranır. Xəstəlik yaş yarıma qədər uşaqlarda formalaşır. Valideyn buna fikir vermir. Əgər uşağın ayağının altında yastı pəncə varsa, ayağının biri o biri ayağından qısadırsa, valideyn buna mütləq fikir verməlidir. Uşağın budunun başı inkişaf etmirsə, o artıq natarazlıq yaradır. Bir tərəf yaxşı, digər tərəf isə az inkişaf edirsə, bu da lardosun əmələ gəlməsinə səbəb olur. Onurğanın bel hissədən önə doğru əyilməsi burda gediş düzgün olmadığı üçün 2-ci olaraq lardosun əmələ gəlməsinə səbəb olur. Bizə isə 13 yaşında müraciət edirlər. Valideyn uşağı çimizdirəndə görür ki, uşaq düzgün oturmur, yaxud, özü bel ağrısından şikayət edir. Onurğa əyrilikləri adətən cinsi inkişafa yaxın dövrdə sürətlənməyə başlayır. Kiçik əyrilik olan zaman 9 yaşdan 13 yaşa qədər kəskin pisləşmə gedir. Əgər birinci dərəcəli əyrilikdirsə, keçir ikinci dərəcəyə, ikinci dərəcəlidirsə, keçir üçüncü dərəcəyə, üçüncü dərəcəlidirsə, keçir dördüncü dərəcəyə. Cinsi yetişkənlik dövründə orqanizmə çoxlu vitaminlər və minerallar lazımdır. Sistemdə indokron, yenidən qurulma gedir. Bu, qızın qadınlıq fazasına, oğlandırsa, kişilik fazasına gedən bir yoldur. Həmin gedən yolda problemlər yaranır. Onurğanın əyriliyi orqanizmin düzgün fəaliyyət göstərməsinə imkan vermir. Çox zaman uşağın boynunun kökündə ağrılar olur, rahat ola bilmir. Bu da boyun nahiyəsində olan problemlərdir. Boyundakı təbii lardos düz olanda problem yaranır. Bundan isə başa gedən sinirlərin, damarların gedişatının pozulması, baş ağrıları, əsəbilik və uşağın yaddaş pozuntusu yaranır. Xəstəliyin birinci dərəcəsi yüngül dərəcə hesab olunur. İkinci dərəcədə yüngül şikayətlər olur. Əsəbilik, əllərin tərləməsi və təngi nəfəslik yaranır. Üçüncü dərəcədə isə kəskinləşir".
Ekspertin bildirdiyinə görə, əgər xəstəlik birinci dərəcədədirsə və vaxtında müalicə olunmazsa, bu zaman skolioz əmələ gəlir:
"Onurğanın yaxşı inkişafında kalsinin, fosforun, maqninin və mineralların rolu mütləqdir. Uşaq doğuş travması alıbsa, uşağın başı zədələnibsə və tam müalicəsi sona qədər aparılmırsa, bunun müalicəsi 5-10 il çəkə bilər. Çox hallarda valideynlər laqeyd yanaşır".
A.Qeybulla həmçinin qeyd edib ki, son illər məktəbə gedən uşaqların 99 faizində onurğa əyriliyi problemi var.
Həmsöhbətimiz məsləhət görüb ki, uşaqları heç olmasa 9-10 yaşında həkimə aparmaq lazımdır.
Sevinc