Elman Cəfərli: “Paytaxt İrəvandan axan kanalizasiya suları Razdan çayı vasitəsilə Araza tökülür”

13:10 / 20.11.2023
475

“Ermənistanın dağ mədən sənayesi transərhəd çaylarını, o cümlədən Araz çayını ciddi şəkildə çirklənməyə məruz qoyub. Son 30 ildə bu proses aramsız şəkildə davam edib. Məlumdur ki, Kiçik Qafqazın Cənub-Şərq yamacından axan çayların əksəriyyəti Azərba⁶ycanın Araza tökülür. Məişət tullantıları, dağ-mədən sənayesində axan çirkab suları, ikinci böyük çayımız olan Arazın ekosisteminə mənfi təsir edir”.

Bu sözləri Hit.az-a açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

Onun sözlərinə görə, paytaxt İrəvandan axan kanalizasiya suları Razdan çayı vasitəsilə Araza tökülür. Çox təəssüf ki, İranın transsərhəd çaylarına, su hövzələrinə münasibəti Ermənistandan seçilmir: 

338210

“İran Güney Azərbaycanın böyük bir ərazisini ekoloji terrora məruz qoyan bir ekofəlakətə-Urmiya gölünün qurumasına göz yumur. 6 min kvadrat kilometrə yaxın ərazisi olan gölün artıq 95 faizi quruyub. Bir zamanlar Azərbaycanın mirvarisi sayılan, böyük turizm potensialına, zəngin flora və faunaya malik olan gölün qurumasına laqeyd yanaşma rejimin siyasi maraqlarından irəli gəlir. İran hakimiyyətinin məqsədi odur ki, azərbaycanlı əhali gölün yerləşdiyi ərazidən köçüb getsin. İran hökuməti qiymətli Qaradağ meşələrinin məhv edilməsinə nəinki göz yumur, əksinə şərait yaradır. 

Yaxın Şərqin ən böyük filiz mədəni olan Süngün mis mədəni Güney Azərbaycanda yerləşir. İran hökuməti, İranın başqa bölgələrindən olan iş adamları bu mədənləri istismar edir, çıxarılan xammal Kirman, Şiraz, İsfahan, Fars kimi bölgələrə aparılır. İran Azərbaycan ərazilərinə yalnız xammal mənbəyi kimi baxır, iş yerləri başqa əyalətlərdə açılır. Güney Azərbaycan əhalisinə kirli hava və çirkləndirilmiş su resursları qalır. İranın Araz çayının ermənilər tərəfindən çirkləndirilməsinə münasibəti də o qədər ürəkaçan deyil. Bir müddət öncə Azərbaycanın vətəndaş cəmiyyəti fəalları Metsamor Atom Elektrik Stansiyasının Araz çayını çirkləndirməsi barədə məsələ qaldırmışdı. O zaman məsələyə münasibət bildirən İranın ًQeyri-hərbi Müdafiə Mərkəzi bəyanat yayaraq, “Metsamor AES-in  Araz çayını çirkləndirmədiyini” iddia etmişdi. Əslində İran və Ermənistan tərəfi məsuliyyətli davranış nümayiş etdirməli, beynəlxalq konvensiyalara uyğun hərəkət etməli, transsərhəd çaylarının ekoloji normalara uyğun istifadəsinə çalışmalıdır. Bölgə dövlətlərini təmsil edən ekoloqların, vətəndaş cəmiyyəti fəallarının birgə iştirakı ilə monitorinqin aparılmasına şərait yaradılmalıdır”.

Sevinc

1