Artıq çəki problemi orta yaş dövrlərində daha çox nəzərə çarpır.
Uşaq vaxtı sadə görünən məsələ zamanla çox ciddi xoşagəlməz nəticələrə səbəb ola bilər. Hazırda artıq çəkidən əziyyət çəkən insanlara tez-tez rast gəlinir.
Statistik məlumatlara görə, ölkəmizdə iki milyona yaxın insan artıq çəki və piylənmədən əziyyət çəkir. Bu isə əhalinin 20 faizini təşkil edir və kifayət qədər ciddi rəqəmdir.
Artıq çəkidən əziyyət çəkənlərin sayının nə səbəbdən artması barədə fikir bildirən professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a qeyd edib ki, artıq çəkinin əsas yaranma səbəbi qeyri-düzgün qidalanma və qeyri-normal həyat tərzidir:
“Artıq çəki günümüzün ən böyük problemlərindən biri olmaqda davam edir. Müxtəlif xəstəliklər də artıq çəkiyə gətirib çıxara bilər. Amma ən əsas faktor qidalanma ilə bağlıdır. Əsasən də günün ikinci yarısında çox qida qəbul edərək, az hərəkət edirlər. Bu da qəbul olunan qidanın kolorisinin bədəndə depolaşmasına səbəb olur, nəticədə tədricən çəki artmağa başlayır. Mədənin ölçüsü böyüyərək , daha çox kolori tələb edir. Getdikcə artan bu kolori nəticədə qüsurlu bir dövran yaradır. Bir tərəfdən orqanizmə ciddi kolori tələb olunur , digər tərəfdən hərəkət az olduğu üçün çəki artımını sürətləndirir”.
Həmsöhbətimizin sözlərinə görə, artıq çəkini yaradan səbəblərdən biri də stress və yorğunluqdur ki, bu əsasən qadınlar arasında artıq çəkiyə səbəb olur:
“Çünki qadınlar, adətən, narahatlıq səbəbindən daha çox qida qəbul edirlər. Və tədricən düzgün qida rejimindən yayınır, gecələr çox yeməyə üstünlük verirlər. Məlum olduğu kimi, qadınların və kişilərin stress faktoruna münasibətləri müxtəlifdir. Kişilər arasında streslə yaranan artıq çəki probleminə ona görə təsadüfən rast gəlinir ki, kişilərin əksəriyyəti siqaret çəkir. Qəbul edilən nikotin orqanizmdəki kolorini sağlam şəkildə xaric etmir, əksinə, kalori parçalanır və orqanizm kolorini qəbul etməkdə çətinlik çəkir”.
Sevinc